"Ailə krizisləri dağın başından atılan qartopu kimidir" - Elmir Əkbər
Müasir dövrdə boşanma hallarının artması təkcə ailə institutuna deyil, ailədə böyüyən uşaqların psixoloji və sosial inkişafına da təsir göstərir.
Valideynlərin ayrılması bu dövrdə emosional gərginlik, ünsiyyət problemləri, aqressiya və ya təcridolma kimi müxtəlif davranıı dəyişikliklərinə səbəb ola bilər.
Valideynlərin ayrılması onlarda hansı travma və ya psixoloji dəyişikliyə səbəb ola bilər?
Patrul.az mövzu ilə bağlı bağlı psixoloq Elmir Əkbərin fikirlərini öyrənib.
O, bu mövzunun günümüzün ən ağrılı və aktual problemi olduğunu söyləyib:
“Təəssüf ki, ölkəmizdə valideynlər çox vaxt insani qaydalar çərçivəsində ayrılmır. Bu da uşaq üçün xüsusi ağır travmatik olur. İnsan ömrü boyu uşaqlıq travmalarını özbaşına həll edə, natamamlıq prinsipindən xilas ola bilmirlər. Psixoterapiyanın əsas məqsədi uşaqlıq travmalarının müalicəsidir və biz görürük ki, bu necə ağrılı prosesdir. İnsanın həyatında yaşadığı bütün xəstəliklər, başına gələn faciələr bu travmalarla bağlıdır.
Bu səbəbdən valideynlər boşanmağa qərar verməzdən öncə dönə-dönə fikirləşməlidir ki, verdiklərin qərarın uşaqlar üçün aqibəti necə olacaq. Əgər iş boşanma həddinə çatıbsa, ailə-cütlük terapiyasına gəlməkdən çəkinməsinlər. Çünki onlara çətin gələn məsələlər vaxtında üstünə düşdükdə çox asan həll ola bilir”.

Psixoloq boşanan insanları qınamadığını vurğulayıb:
“Bəzi insanlar üçün bu, yeganə çıxış üsuludur. Hətta bəzilərinin həyatı boşanmaqla xilas olur. Sadəcə demək istədiyim odur ki, bu addımı atmazdan öncə ətraflı düşünməli, psixoanaliz edilməlidir. Ailə krizisləri dağın başından atılan qartopu kimidir. Əvvəlcə xırda olur, lakin diyirlənərək öz üzərinə qar yığır və böyüyüb faciəyə çevrilir. Ona görə də ailə münasibətlərində problem yaşayan insanlara mütəxəssis dəstəyi almağı məsləhət görürəm. Çünki əks halda boşanma qaçılmaz olur, hansı ki insanlar əksər hallarda bunu normal şəkildə etməyi bacarmırlar.
Nəticədə uşaqlar da travmalarla böyüyür. Ailəsindən düzgün şəkildə sevgi, dəstək görməyən insanlar bir ömür boyu nə sevgi verə, nə də onu duya bilirlər. Bir sözlə, onlar mənəvi-psixoloji şikəst vəziyyətinə düşürlər”.
Ləman Sərraf






