media-f2358d96-1685-42dd-a006-1ae664db447d

Alimlər Yerdən 124 işıq ili uzaqlıqdakı K2-18b planetində həyatın ola biləcəyinə dair indiyə qədərki ən güclü sübutları aşkarladıqlarını bildiriblər.

Patrulaz.az “BBC” yə istinadən xəbər verir ki, Kembric Universitetindən professor Nikku Madhusudhanın rəhbərlik etdiyi tədqiqat qrupu, NASA-nın Ceyms Uebb Kosmik Teleskopunun köməyilə planetin atmosferində həyatla əlaqəli molekullar – dimetil sulfid və dimetil disulfid qazlarının kimyəvi izlərini qeydə alıb. Bu qazlar Yer üzündə əsasən dəniz fitoplanktonları və bəzi bakteriyalar tərəfindən istehsal olunur.

“Bu, hələlik həyatın varlığına dair ən güclü sübutdur. Əgər bu siqnalları təsdiqləyə bilsək, bu, qalaktikada həyatın yayğın olduğunu göstərə bilər”,– deyə professor Madhusudhan bildirib.

Alimlər DMS-in miqdarının Yer atmosferi ilə müqayisədə minlərlə dəfə çox olduğunu və bunun K2-18b-də həyatın mövcudluğu ehtimalını daha da artırdığını vurğulayırlar. Hətta ehtimallara görə, planet buzla örtülü bir okeanla əhatələnmiş ola bilər.

Bununla belə, tədqiqatçılar ehtiyatlı yanaşmağın vacibliyini qeyd edirlər. Alimlər və astronomlar daha dəqiq nəticələr əldə olunması üçün əlavə müşahidələrin aparılmasını zəruri hesab edirlər.

Bu araşdırma “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub və astronomiya dünyasında geniş rezonans doğurub. Alimlər növbəti mərhələdə daha çox planetdə oxşar siqnalları axtarmağa davam edəcəklər.

Qeyd edək ki, K2-18b Yer kürəsindən təxminən 124 işıq ili uzaqlıqda yerləşən bir ekzoplanetdir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər