"Aprel döyüşləri ilə Azərbaycan Ordusu gücünü və döyüş qabiliyyətini bütün dünyaya sübut etdi" - DEPUTAT
“Aprel döyüşlərinin artıq 10 ili tamam olur. Bu döyüşlər bizim şanlı tariximizin unudulmaz səhifələrindən biridir. Uzun illər ərzində Ermənistan və onu dəstəkləyən qüvvələr özləri haqqında bir mif formalaşdırmışdılar ki, guya Ermənistan ordusu məğlubedilməzdir. Onlar hətta belə bir fikir yayırdılar ki, əgər növbəti müharibə baş verərsə, Ermənistan yeni torpaqlar əldə edəcək. Bu kimi əsassız iddialarla həm öz cəmiyyətlərini, həm də dünya ictimaiyyətini aldatmağa çalışırdılar.
Lakin Aprel döyüşləri bu mifləri alt-üst etdi. Qısa müddət davam etməsinə baxmayaraq, bu döyüşlər Azərbaycan Ordusunun gücünü, qüdrətini və yüksək döyüş qabiliyyətini bütün dünyaya göstərdi. Azərbaycan Ordusu müasir silahlarla təchiz olunduğunu, eyni zamanda yüksək peşəkarlığa malik olduğunu real döyüş şəraitində sübut etdi”.
Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Aprel döyüşlərinin 10 illiyi münasibəti ilə öz təəssüratlarını bölüşərkən deyib.
Deputat bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlığı və qətiyyəti sayəsində strateji mövqelərin azad edildiyini və ölkənin hərbi gücünü nümayiş etdirdi:
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun sıralarında xidmət edən peşəkar zabitlər, əsgərlər və ümumilikdə bütün döyüşçülər böyük rəşadət və qəhrəmanlıq nümayiş etdirdilər. Onların birlik, iradə və vətən sevgisi sayəsində mühüm strateji mövqelər azad olundu. Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi bu qələbənin ən mühüm nəticələrindən biri oldu.
Bu qələbə təkcə hərbi uğur deyil, eyni zamanda böyük mənəvi üstünlük idi. Həm Ermənistan, həm də dünya ictimaiyyəti Azərbaycan Ordusunun gücünü və qələbə əzmini bir daha gördü. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu istənilən an torpaqlarını azad etməyə qadirdir və bu istiqamətdə qətiyyətlidir”.

A. Hüseynov qeyd edir ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbə yolunda mühüm mərhələ olmaqla, sonrakı Zəfərin əsasını qoyan qəhrəmanlıq və təcrübə məktəbi kimi tarixə düşüb:
“Eyni zamanda Aprel döyüşləri İkinci Qarabağ müharibəsinin bir növ başlanğıc mərhələsi, ilk xəbərçisi oldu. Bu döyüşlərdə qazanılan təcrübə, tətbiq olunan taktiki gedişlər və əldə edilən nəticələr sonrakı mərhələdə daha da inkişaf etdirildi. Nəticədə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi.
Aprel döyüşləri bizim üçün həm qürur, həm də böyük məsuliyyət tarixidir. Bu döyüşlərdə 90-a yaxın şəhid verdik. Onlar Vətən uğrunda canlarını fəda edərək tarix yazdılar. Biz onların əziz xatirəsini daim yad edir, Allahdan onlara rəhmət diləyirik.
Bir daha qeyd edək ki, Aprel döyüşləri Azərbaycan Ordusunun tarixində böyük bir səlnamədir. Bu tarix bizim qələbəmizdir, fəxrimizdir və milli qürurumuzun parlaq nümunəsidir. Bu şanlı səhifə gələcək nəsillər üçün də vətənpərvərlik, qəhrəmanlıq və əzm nümunəsi olaraq qalacaqdır”.
Cəmilə Cəfərzadə






