Atəşkəs rejimi ərəfəsində ABŞ, İran və İsrail sülh masasına otura bilərmi? - ŞƏRH
Dünən ABŞ Prezidenti Donald Tramp “Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və bir daha geri qaytarılmayacaq” təhdidi ilə İranla müharibənin gərginləşəcəyinə işarə etsə də, növbəti günün gecəsində tərəflərin atəşkəsə razılıq verdiyini eşidənlər təəccübləndilər.
ABŞ Prezidenti Donald Tramp, İsrail rəhbərliyi və İranın Ali Lideri Müctəba Xamenei Pakistanın vasitəçiliyi ilə təklif olunan iki həftəlik atəşkəs planını rəsmən qəbul ediblər. Əvvəl “məhv”dən danışan Tramp indi isə İranın yenidən qurulmasına ümid etdiyini və sülhə hazır olduğunu bildirib. Məsələnin ən maraqlı tərəfi isə atəşkəsə razılıq verildikdən sonra Tehran və Vaşinqtonun özlərini “qalib” adlandırmalarıdır.
Təklif olunan 10 bəndlik planda əsas məqam Yaxın Şərqdə müharibənin tamamilə dayandırılması tələbidir. Lakin atəşkəs qüvvəyə mindikdən bir neçə saat sonra Səudiyyə Ərəbistanının Şərq-Qərb neft boru kəmərinə dron hücumu bu maddənin gözardı edildiyini göstərir.
Maraqlıdır ki, 14 günlük atəşkəs rejimi ərəfəsində aparılacaq diplomatik proseslərin gedişində tərəflər sülh masasına otura biləcəklərmi?
Bununla bağlı Patrul.az-a politoloq Oqtay Qasımov öz şərhini verib. Onun fikrincə, mövcud proseslərin gedişində nəinki sülh, hətta atəşkəsin pozulması ilə müharibə yenidən davam edə bilər:
“İki həftəlik atəşkəsin əldə olunacağı ehtimalı var idi. Hətta Donald Trampın ən sərt ultimatumundan sonra da belə bir nəticənin olacağı gözlənilirdi. Çünki Pakistanın səyləri, bir müddət əvvəl İslamabad və Pekinin atəşin dayandırılması ilə bağlı təklifləri onu göstərir ki, Çin də proseslərin çox uzanmasında maraqlı deyil. İran tərəfinə də təzyiq edə biləcək əsas güc elə Çindir. Çünki İranın bu məsələlərdə əsas dəstəkçisi Pekin hökumətidir. Çinin İrana verdiyi silahlar buna misaldır. Bu baxımdan atəşkəsin əldə olunmasında Çin hökumətinin də rolunu xüsusi qeyd etmək lazımdır.
Atəşkəsin Yaxın Şərqdə davamlı sülh gətirəcəyini söyləmək çox çətindir. Çünki tərəflərin açıqlamalarına baxdıqda müharibə izlərinin hələ də qaldığını deyə bilərik. Həm İran, həm də ABŞ rəsmilərinin açıqlamalarında bu hiss olunur”.

İranın razılaşmaya daha yumşaq yanaşmasında Çinin xüsusi rolunu vurğulayan həmsöhbətimiz bildirir ki, sülh yalnız tərəflərin siyasətlərində yumşalma və qarşılıqlı güzəştlər olduğu təqdirdə mümkün ola bilər:
“Eyni zamanda, hər iki ölkə bu müharibədə verdikləri itkiləri nəzərə alıblar. Hesab edirəm ki, tərəflər arasında davamlı sülhün əldə olunmasında əsas rol ABŞ və Çin arasındakı razılaşmadan asılı olacaq. Çünki hazırkı şərtlərdə İran və Amerikanın irəli sürdüyü tələblər tamamilə bir-birinə ziddir. Bu halda tərəflərdən hansınınsa bu şərtləri qəbul etməsi real görünmür. İki həftəlik atəşkəs rejimindən maksimum istifadə olunsa, regionda sülhə nail olmaq mümkündür. Əks halda, bu sadəcə müvəqqəti atəşkəs olacaq və gələcəkdə müharibə riski qalmaqda davam edəcək.
Yəni sülh birtərəfli güzəştlər əsasında olmamalıdır. Xüsusilə İsrail və İran arasındakı anlaşılmazlıqların aradan qaldırılması, İranın İsraillə bağlı rəsmi siyasətində dəyişikliklər etməsi və münasibətlərin normallaşdırılması bölgədə sabitliyə töhfə verə bilər. Nəzərə alsaq ki, İranın bölgədə yaratdığı proksi qüvvələr gərginlik mənbəyi kimi çıxış edir.
Bundan başqa, İsraildə sağ radikal millətçi qüvvələrin “Böyük İsrail” planları da bölgənin sabitləşməsinə mənfi təsir edən amillərdəndir. Bu baxımdan həm İranın, həm İsrailin, həm də ABŞ-nin siyasətində dəyişikliklər olmalıdır ki, davamlı sülh əldə edilsin. Əks halda, bu, sadəcə növbəti qarşıdurmalar öncəsi qısa fasilə kimi qalacaq”.
Gülbəniz Səfərova






