media-inshot_20260408_121322625

“ABŞ, İsrail və İran arasında əldə olunmuş iki həftəlik atəşkəs, ilk baxışdan qısa müddətli fasilə kimi görünə bilər, amma analitik baxımdan bunun mümkün sülhə çevrilməsi çox mürəkkəb və şərtlidir. Bu atəşkəs bir tərəfdən tərəflər arasında qarşılıqlı güc nümayişinin dayandırılması üçün taktiki imkan verir, digər tərəfdən isə danışıqlar üçün məhdud zaman çərçivəsi təqdim edir”.

Bu fikirləri Patrul.az-a ABŞ-İsrail-İran arasında əldə olunmuş atəşkəs ilə bağlı danışan politoloq Rəşad Bayramov səsləndirib.

O bildirib ki, ABŞ və İsrail üçün bu fasilə həm öz hərbi üstünlüyünü qorumaq, həm də regional müttəfiqlərinə təhlükəsizlik mesajı vermək baxımından vacibdir:

“Eyni zamanda İran üçün də atəşkəs ölkənin hərbi və iqtisadi vəziyyətini sabitləşdirmək və diplomatik manevr imkanlarını genişləndirmək üçün bir fürsət yaradır.

Lakin sülhün real olması üçün bir sıra mürəkkəb məsələlər həll edilməlidir. İranın nüvə proqramı, ballistik raketlər, Hörmüz boğazı üzərində nəzarət, sanksiyalar və regional təsir dairəsi kimi strateji amillər hələ də müzakirə olunmamış qalır. Bu sahələrdə kompromis tapmaq çox çətindir, çünki hər iki tərəf üçün bu “qırmızı xətt” kimi qəbul olunur və daxili siyasi və hərbi qüvvələr arasında narazılıq yaratma potensialı yüksəkdir. ABŞ və İsrailin məqsədi həm nüvə silahı əldə edilməsinin qarşısını almaq, həm də İranın regional təsirini məhdudlaşdırmaqdır, amma bu tələblərin tam şəkildə həyata keçirilməsi Tehranın sülhə razılaşmasını çətinləşdirir.

Atəşkəsin iki həftəlik müddəti də onu göstərir ki, bu, daha çox taktiki bir fasilədir və uzunmüddətli sülh yaratmaq üçün yetərli deyil. Yəni real sülh yalnız daha uzun və ciddi diplomatik proseslər nəticəsində mümkündür”.

media-img-20260408-wa0054-1

Politoloqun fikrincə, diplomatik baxımdan nəzərə alınmalıdır ki, Pakistan kimi vasitəçilərin iştirakı tərəflər arasında ünsiyyət kanallarını açır, amma bu da sülhün avtomatik təminatı deyil:

“Atəşkəs müddətində edilən hər hansı yanlış addım, yanlış interpretasiya və ya provokasiya eskalasiyanı yenidən başlada bilər. Həm ABŞ, həm də İran üçün hərbi və siyasi mənada geri çəkilmək prestij və daxili ictimai rəy baxımından risklidir, bu da sülh prosesini daha da mürəkkəbləşdirir.

ABŞ-nin İranla keçiriləcək danışıqlarda bütün nüvə materiallarını ölkədən çıxarmaq tələb etməsi, uranın zənginləşdirilməsini dayandırmaq və ballistik raket proqramına məhdudiyyət qoymaq kimi addımlar atmaq niyyəti, İranın isə özünün 10 bəndlik planında bu tələblərə tamamilə əks tələblərlə çıxış etməsi danışıqların uğurlu olacağına və bunun sülhə gətitib çıxaracağına dair ciddi suallar doğurur. Odur ki, bu iki həftəlik atəşkəs müvəqqəti sakitlik yarada bilər, amma uzunmüddətli sülh üçün yetərli deyil”.

Ləman Sərraf


Bənzər xəbərlər