Aydın Quliyev: "Əgər Putin verdiyi vədlərə ardıcıl əməl edərsə, ölkələr arasındakı etimad bərpa olunar"
“Putin və İlham Əliyevin görüşündən sonra Rusiya-Azərbaycan münasibətlərində isti abu-havanın yaranacağını gözləmək olar”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, görüş zamanı Putinin verdiyi vədlərə ardıcıl əməl olunsa, Bakı-Moskva münasibətlərindəki əvvəlki etimad bərpa oluna bilər:
“Əslində bu görüşə çoxdan ehtiyac var idi. Xüsusilə də Rusiya tərəfinin belə bir görüşə niyə daha erkən cəhd göstərməməsinin özü də düşündürücüdür. AZAL təyyarəsinin qəzaya uğramasından dərhal sonra Putin dövlət başçımızla detallı bir söhbət aparmağa meyilli olsa idi, inanıram ki, ölkələrimiz arasında bu gərginliklər heç baş verməzdi. Putinin açıqlamaları ölkəmizdə ümid yaratdı ki, Azərbaycanın qoyduğu şərtlər neçə aydan sonra yerinə yetiriləcək. Xüsusilə, bu məsələdə Azərbaycan xalqından rəsmən üzrün istənilməsi, ölkəmizə vurulan ziyana görə kompensasiyanın ödənilməsi, hadisənin arxasında dayanan müqəssirlər cəzalandırılması vacib idi.

A.Quliyev bildirib ki, liderlərin görüşü zamanı Azərbaycan xalqının çoxdandır gözlədiyi üzrün istənilməsi və həlak olanların ailələrinə konpensasiyanın ödəniləcəyi vədi verilsə də, cəmiyyətimizdə hələ də AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olanların müəyyən edilərək cəzalandırılması gözlənilir:
“AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından 8 ay keçməsinə baxmayaraq, hələ də günahkarlar cəzalandırılmayıb. Amma üzr istənilməsi, o cümlədən kompensasiyanın ödənilməsi kimi hallar qısa müddətdə icra olunacaq məsələlərdir. Ancaq cinayətin arxasında dayanan məsul şəxslərin hələ də müəyyən edilməməsi suallar doğurmaqdadır. Çox güman ki, Putin Düşənbə görüşü zamanı hadisənin arxasında dayanan müqqəssirlərin tam şəkildə cəzalandırılacağına əmin olaraq bəyanat verdi. Çünki Azərbaycan əgər qəzaya səbəb olanların dəqiq müəyyənləşdirilməsini görməzsə, ölkəmizin cəmiyyətində yenə də mövcud suallar cavabsız qalacaq.
Siyasi şərhçi, tərəflər arasında 8 ay davam edən gərgin münasibətləri xatırladaraq bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin tam normallaşması üçün Moskva hökuməti ciddi səylər göstərməlidir:
“Onsuz da AZAL hadisəsi Bakı-Moskva arasında qarşılıqlı etimadı əhəmiyyətli dərəcədə zədələmişdi. Bu etimadın bundan sonra nə vaxt bərpa olunacağı da bəlli deyil. Çünki söhbət tərəflər arasında 8 aylıq qarşılıqlı təbliğat, siyasi, diplomatık mübarizə dövründən gedir. Bu 8 ayda Rusiyanın Azərbaycana qarşı atdığı addımlar, bizim diaspor üzvlərinin təqib və deportasiya edilməsi, azərbaycanlıların öldürülməsi və s. kimi xoşagəlməz hadisələr iki ölkənin münasibətlərinə çox pis təsir göstərmişdi. Bundan sonra da əlaqələrin bərpa olunması üçün daha çox iş görülməsi tələb olunan tərəf də Rusiyadır. Əgər Putin verdiyi bəyanatların icrasında sona qədər ardıcıl olarsa, iki ölkənin münasibətlərində etimadın bərpası prosesinin də hərəkətə gəldiyini söyləmək olar. Amma sözün düzü, Putinin verdiyi açıqlamalarında müəyyən suallar da yaranır. Məsələn, “”AZAL təyyarəsinin qəzaya uğramasına Ukrayna dronlarının səbəb olması”; “Atılan raketin bizim təyyarənin bir neçə metrliyində partlaması” kimi ifadələri əlbəttə ki, suallar doğurur. Bütün bunlara baxmayaraq, biz gələcək proseslərə fokuslanmağın tərəfdarıyıq. Bu isə Rusiya-Azərbaycan münasibətlərinin normal məcraya qayıtmasını, həmçinin Rusiya tərəfinin özündən asılı olan addımları sona qədər atmasını tələb edir”.
Gülbəniz Səfərova






