media-inshot_20260223_130352681

“Prezident İlham Əliyevin Qəzza üzrə Sülh Şurasının ilk iclasında iştirakı dünyaya Azərbaycanla bağlı bir neçə mesaj verir. Əvvəlcə dünyaya ötürülür ki, Azərbaycan müxtəlif bölgələrdə sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Eyni zamanda, ölkəmiz bildirir ki, köhnə dünya düzəninin dağılması xoş bir proses olmasa da, yeni dünya düzəninin formalaşmasını alqışlayır. Bu baxımdan Azərbaycanın bu iclasda iştirakı ölkəmizin yeni dünya düzəninin yaradılması cəhdlərinə pozitiv münasibətinin göstəricisi sayıla bilər”.

Bu sözləri “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq və siyasətçi Aydın Quliyev Patrul.az-a açıqlamasında  Prezident İlham Əliyevin Vaşinqtonda Qəzza üzrə Sülh Şurasının birinci iclasında iştirakını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, prezidentin bu iclasda iştirakı, o cümlədən iclas zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla əl sıxışması dünyaya sülh və təhlükəsizlik üzrə mühüm mesajlar verir:

“Əlbəttə, Qəzza üzrə Sülh Şurasının yeni dünya düzənində nə kimi rol oynayacağı hələ bilinmir. Onun uğur qazanması və ya əksinə, uğursuzluğa düçar olması məsuliyyətini heç bir halda Azərbaycan daşımır. Çünki onun təşəbbüskarları başqa qüvvələrdir. Amma ölkəmizin orada iştirakı dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan kimliyindən asılı olmayaraq, regional və beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu, Azərbaycanın həm bölgədə, həm də dünyada ardıcıl və dəyişməz sülh siyasətinin bariz nümunəsidir”.

media-inshot_20260223_125830102

A.Quliyev fikrincə, Azərbaycan mövcud gücü ilə bu kimi beynəlxalq konfranslarda iştirakı sayəsində bəzi güclü dövlətləri qabaqlayır:

“Eyni zamanda, ölkəmiz bütün dünyaya göstərir ki, böyük və ya kiçikliyindən asılı olmayaraq, hər bir ölkə sülhə və təhlükəsizliyə töhfə verə bilər. Azərbaycan nə hərbi, nə də iqtisadi cəhətdən dünyanın böyük gücləri ilə rəqabət aparmaq imkanına malik deyil. Amma buna baxmayaraq, ölkəmiz beynəlxalq sülh və təhlükəsizlik məsələlərində öz qətiyyəti ilə bir çox böyük dövlətləri üstələyir ki, bu da hörmətə və təqdirə layiqdir. Dünyada elə dövlətlər var ki, həm iqtisadi, həm də hərbi potensialına görə Azərbaycandan dəfələrlə güclü olmasına baxmayaraq, beynəlxalq sülh və təhlükəsizlik naminə lazım olan qətiyyəti göstərə bilmirlər. Ya hansısa blokun tərəfini saxlayırlar, ya ümumiyyətlə proseslərdə fəaliyyətsiz mövqe tuturlar, ya da ziyanlı fəaliyyət göstərirlər. Amma Azərbaycan dünyanın superdövlətlərindən biri sayılmasa da, sülh və təhlükəsizlik naminə tələb olunan hər bir yerdə lazımi qətiyyət və ardıcıllıq nümayiş etdirir. Bu, Azərbaycanın böyük nailiyyətidir və ölkə Prezidentinin Qəzza üzrə Sülh Şurasının ilk iclasında iştirakı da məhz dünyaya Azərbaycanla bağlı bu reallığı ifadə etmək baxımından çox dəyərlidir”.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər