"Azərbaycan-Rusiya münasibətləri artıq ‘üst-alt’ deyil, ‘tərəfdaş-tərəfdaş’ modeli üzərində qurulur" - Mehriban Vəliyeva
“Bir il davam edən gərginlik fonunda Azərbaycan və Rusiya Prezidentləri arasında dünən baş tutan görüş yalnız diplomatik protokol görüşü deyildi. Bu, Cənubi Qafqazda yeni siyasi reallığın formalaşdığını göstərən, iki ölkə arasında münasibətlərin konstruktiv və tam normallaşması üçün strateji platforma yaradan mühüm hadisədir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Mehriban Vəliyeva oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü şərh edərkən deyib.
“Görüşün dinamikası və məzmunu göstərdi ki, Rusiya münasibətləri bərpa etməkdə real maraqlıdır. Bunun ən bariz təsdiqi isə Vladimir Putinin media qarşısında Azərbaycan təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti açıq şəkildə etiraf etməsi və dolayısı ilə üzrxahlıq nümayiş etdirməsidir. Bu, böyük dövlətlərin nadir halda etdiyi addımdır və yalnız Bakının güclü mövqeyi fonunda mümkün olmuşdur. Artıq Azərbaycan-Rusiya münasibətləri “üst–alt” modeli üzərində deyil, “tərəfdaş–tərəfdaş” prinsipi əsasında qurulur. Görüşdə hər iki tərəfin suverenliyə hörmət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mesajları verməsi bunu təsdiqlədi.
Prezident cənab İlham Əliyevin qətiyyətli, balanslaşdırılmış və milli maraqlara söykənən siyasəti nəticəsində Azərbaycan təkcə müharibədə deyil, diplomatik müstəvidə də qalib mövqedədir”.
M.Vəliyevanın sözlərinə görə, gərginlik dövründə sərt bəyanatlar səslənsə də, Putinin etirafı və Qarabağ məsələsinin başa çatması Moskvanın rəsmi mövqeyinin dəyişdiyini göstərdi:
“Heç bir təzyiq qarşısında geri çəkilməyən, prinsipial və bərabərhüquqlu siyasət Rusiya tərəfindən qəbul edilmişdir. Bu görüş bir daha sübut etdi ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf yalnız Azərbaycanın iştirakı ilə mümkündür. Moskva artıq bu reallığı rəsmən qəbul edir. Gərginlik dövründə bəzi rusiyalı siyasətçilər və dövlət qurumlarına bağlı şəxslər Azərbaycana qarşı sərt, hətta hədə-təhdid dolu açıqlamalar səsləndirirdilər. Lakin vəziyyət indi köklü şəkildə fərqlidir:
Putinin etirafı və dolayısı ilə üzrxahlığı – bu, Kremlin rəsmi mövqeyidir;
Artıq “Qarabağ məsələsi” başa çatıb və Azərbaycan regional lider kimi qəbul olunur;
Hər hansı anti-Azərbaycan bəyanat indi sadəcə emosional çıxış yox, Moskvanın dövlət xəttinə zidd addım kimi dəyərləndiriləcək. Bu səbəbdən, həmin şəxslərin mövqelərinin yumşalacağı, ritorikanın isə nəzarət altına alınacağı gözləniləndir. Çünki Rusiya üçün Azərbaycanla gərginlik siyasi və iqtisadi baxımdan sərfəli deyil.
Teorik olaraq istisna edilməsə də, praktik planda əvvəlki kimi təzyiq siyasəti artıq mümkün deyil. 44 günlük Vətən müharibəsi, 2023 antiterror tədbirləri və tam ərazi suverenliyinin bərpası Azərbaycanın hərbi-siyasi mövqeyini möhkəmləndirdi. Azərbaycan Türkiyə, Avropa İttifaqı, Orta Asiya, Çin və İslam dünyası ilə eyni anda strateji tərəfdaşlıq quraraq alternativlərini maksimum artırıb. Azərbaycan kənar diktələrə boyun əymir, əksinə, özü regional geosiyasi gündəmi müəyyənləşdirir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Putinlə görüş zamanı sərgilədiyi münasibət onun beynəlxalq aləmdə də güclü şəxs olduğunu nümayiş etdirdi:
“Azərbaycanın niyyəti aydındır və beynəlxalq arenada daim səsləndirilir: Qonşularla sülh və əmin-amanlıq; hər kəsin suverenliyinə hörmət; qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq, regional sabitlik və birgə inkişaf!
Prezident cənab İlham Əliyev bu mövqeyi görüş zamanı da çox aydın şəkildə ifadə etdi və Rusiyaya Azərbaycanın tələblərini açıq şəkildə çatdırdı. Bu, gələcəkdə qeyri-adekvat bəyanat və təzyiqlərə tam son qoyacaq, münasibətləri stabil və konstruktiv məcraya yönəldəcək.
Dünənki görüş bir daha göstərdi ki, Azərbaycanla hesablaşmamaq mümkün deyil. Prezident cənab İlham Əliyev təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə güclü aktordur. Bakı regional proseslərin passiv iştirakçısı deyil – formalaşdırıcısıdır. Rusiya belə Azərbaycanın siyasi iradəsini qəbul edib. Bu görüş sadəcə diplomatik jest deyil. Bu, Azərbaycanın qalib dövlət kimi beynəlxalq nüfuzunun təsdiqi, Prezident cənab İlham Əliyevin sarsılmaz siyasi iradəsinin növbəti təntənəsidir. İndi regionda yeni dövr başlayır: “”Bərabərlik, hörmət və birgə inkişaf dövrü””.
Cəmilə Cəfərzadə






