“Biz Putinə Azərbaycan və Ermənistan arasında etimadın qurulmasında oynadığı rola görə təşəkkür edirik” - Paşinyan
“Vurğulamaq çox vacibdir ki, 2020-ci ilin noyabr ayında Rusiyanın və Volodomir Putinin Azərbaycanla atəşkəsin təmin olunmasında rolu həlledici olub”.
Patrul.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşanın Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşündə çıxışı zamanı söyləyib.
Baş nazir Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, o cümlədən Putinə Azərbaycan ilə Ermənistan arasında atəşkəsin təmin olunmasındakı roluna görə təşəkkürünü ifadə edib:
“Biz Rusiya ilə münasibətləri inkişaf etdirməkdə qərarlıyıq, lakin aydındır ki, müxtəlif amillərə görə bu münasibətlər dəyişir. 2020-ci ildə Rusiyanın və şəxsən Prezident Putinin rolunu kiçiltmək doğru olmaz. Prezident Putin atəşkəsin təmin edilməsində, iki dövlət arasında etimadın qurulmasında çox vacib rol oynayıb. Ermənistan buna görə Rusiya Prezidentinə təşəkkür edir”, – deyə Paşinyan bildirib.
Paşinyan həmçinin Türkiyə ilə münasibətlərdə dəyişikliklərin mümkünlüyünü vurğulayıb:
“Bölgəmizdə əhval-ruhiyyə dəyişir. Heç bir gərginlik yoxdur və ümid edirik ki, Ermənistan-Türkiyə münasibətlərində real dəyişikliklər görəcəyik”.
O, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşləri barədə də danışıb:
“Prezident Ərdoğanla bir neçə dəfə görüşmüşəm. Ötən ilin iyun ayında ilk ikitərəfli işgüzar səfərimi Türkiyəyə etdim. Çox müsbət dialoqumuz oldu, lakin digər tərəfdən, vəziyyət artıq praktik addımlara keçmək üçün kifayət qədər yetişib”, – deyə, Paşinyan əlavə edib.
Gülbəniz Səfərova






