Azərbaycana gələn pakistanlı iş adamı hava limanında saxlanıldı
Azərbaycana biznes qurmaq məqsədilə gələn Pakistan vətəndaşı Bakı Hava Limanında saxlanılıb.
Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, saxta pasportla Azərbaycana gələn pakistanlı iş adamına məhkəmə qərarı ilə 7 ay həbs cəzası verilib.
1991-ci il təvəllüdlü şəxs əvvəlcə Bəhreyn Krallığında yaşayıb və orada biznes fəaliyyəti ilə məşğul olub. Lakin işlərində uğursuzluqla üzləşdikdən sonra Azərbaycanda fəaliyyət qurmaq qərarına gəlib.
İddialara əsasən, Pakistan vətəndaşının pasportunun etibarlılıq müddəti başa çatdığı üçün o, Bəhreyndəki Pakistan səfirliyinə müraciət etsə də, sənədin yenilənməsindən imtina alıb. Nəticədə, o, 700 dollar müqabilində tanımadığı şəxs vasitəsilə saxta pasport əldə edib və Bəhreyn-Bakı reysi ilə Azərbaycana gəlib.
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində onun təqdim etdiyi pasportun saxta olduğu təsdiqlənib və barəsində cinayət işi başlanıb.






