Azərbaycanda "Barilla" makaronları təhlükəlidirmi? – AQTA-dan AÇIQLAMA
İtaliya istehsalı olan “Barilla” makaronlarının qurğuşunla çirklənməsi iddiaları Azərbaycan ictimaiyyətində narahatlığa səbəb olub.
Patrulaz.az xəbər verir ki, bir sıra xarici ölkələrdə “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronunun müəyyən partiyalarında sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkarlanıb və məhsul satışdan geri çağırılıb. İddialara əsasən, bu xəbər 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan partiyalara aiddir.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Lent.az”ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən təhlükəli partiya ölkəyə idxal olunmayıb:
“Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və keyfiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş “Barilla” əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır”, – deyə Agentlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan xəbərlər “Barilla” markalı məhsulların ümumilikdə təhlükəli olduğu yönündə yanlış təsəvvür yaradıb. Rəsmi açıqlama isə həmin iddiaların Azərbaycan üçün keçərli olmadığını təsdiqləyir.






