media-inshot_20260417_172205794

Bir sıra ölkələrdə skuterlərin piyadalar üçün təhlükə yaratması səbəbilə onların istifadəsinə məhdudiyyətlər və hətta qadağalar tətbiq olunur. Rusiyanın Ramenskoye şəhərində skuter icarəsinin tam qadağan edilməsi də müzakirələrə səbəb olub.

Bəs, Azərbaycanda skuterlərlə bağlı hansı qaydalar mövcuddur və bu sahə necə tənzimlənir?

Patrul.az mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubova müraciət edib.

Həmsöhbətimiz əvvəllər ölkəmizdə idman yarışı kimi və ya istirahət zonalarında velosipedlərdən istifadə olunsa da, işə gedib-gəlmək yaxud müəyyən məsələləri həll etmək üçün bu nəqliyyat vasitəsinə üstünlük verilmədiyini qeyd edib:

“Amma son zamanlarda müxtəlif Avropa ölkələrinin təcrübəsindən yararlanaraq Azərbaycanda velosiped və skuterlərin hərəkəti üçün şərait yaradılıb. Məsələn, onlar üçün ayrıca yollar ayrılıb, zolaqlar təşkil olunub.

Ümumilikdə yol-hərəkətinin təşkilinin iki məqsədi var. Birincisi, optimal sürət əldə etmək, ikincisi isə hərəkətin təhlükəsizliyini tam təmin etməkdir. Skuter və velosipedlərin də müəyyən optimal sürətləri var. Digər nəqliyyat vasitələrinin sürətlərindən xeyli aşağı olsa da, ən azından piyada hərəkətindən daha yüksəkdir”.

Ekspert təhülkəsizliyin təmini məsələsinə də toxunub:

“Son vaxtlar mobillik, velosiped və skuterlərdən istifadə kimi bir sıra məsələlər ortaya çıxsa da, təhlükəsizlik tam şəkildə təmin olunmalıdır. Bu, elə təşkil olunamalıdır ki, artıq həmin nəqliyyat vasitələrindən istifadə edənlərdə təhlükəsizlik vərdişləri yaranmalıdır. Lakin ölkəmizdə skuter və velosiped istifadəçiləri həm özlərinin təhlükəsizliyini təmin edə bilmir, həm də ətrafdakı insanlar üçün müəyyən qədər təhlükə yaradırlar. Ona görə də bəziləri bu nəqliyyat vasitələrindən istifadəni müsbət qarşılasa da, digərləri bundan narazıdırlar. Əgər skuter və velosipedlərin hərəkətində təhlükəsizlik tam təmin olunmasa, bu narazılıqlar davam edəcək.

Qeyd edildiyi kimi, bəzi ölkələrdə qəzaların qarşısını almaq, təhlükəsizliyi təmin etməkdən ötrü müəyyən tənzimlənmələr və ya qadağalar tətbiq olunur. Lakin “Yol hərəkəti haqqında” qanunların böyük hissəsi piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Bu qanun məsələn, ABŞ kimi ölkələrdə müxtəlif ştatlarda fərqli tətbiq olunur. Bu ölkədə vahid “Yol hərəkəri haqqında” qanun yoxdur. Amma bizdə 1961-ci ildən vahid yol hərəkəti qaydaları tətbiq olunur. Hər il bu qaydalar tənzimlənir, yeniləri əlavə olunur. Bu nöqteyi-nəzərdən, skuter və velosipedlərin hərəkətini tənzimləyən yeni qaydalar meydana gəlməlidir”.

media-img-20260417-wa0021

F.Eyyubovun sözlərinə görə, bütün məsələlər Azərbaycanın milli təhlükəsizlik məsələsi kimi qəbul olunmalı, təhlükəsizlik tam təmin olunmalıdır:

“Bir neçə ildən sonra bu məsələlər daha ciddi şəkildə qarşımıza çıxa bilər. Ona görə də bu məsələni tənzimləyən müəyyən təşkilatlar, ictimai orqanlar çalışmalı, təhlükəsizliyin təmini üçün addımlar atılmalı, yol hərəkəti qaydalarında təkmilləşmə olmalı, əhali də bu qaydalara ciddi şəkildə riayət etməlidir.

Hesab edirəm ki, yaxın bir neçə il ərzində sadaladağımız bu məsələlər tənzimlənə bilməsə, təhlükəsizliyin təmini üçün məcburi şəkildə məhdudlaşdırıcı üsullardan istifadə olunacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər