media-img-20260702-wa0061

Azərbaycanın beynəlxalq arenadakı mövqeyi gücləndikcə, ona qarşı qarayaxma kampaniyaları da artır. Bunlardan biri də əvvəldən ölkəmizə qarşı sərt mövqeyini dəyişməyən AŞPA-nın qəbul etdiyi qərarlardır. Qurum 24 iyun 2026-cı ildə yay sessiyası çərçivəsində qəbul etdiyi qətnamə ilə növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirdi. Qərəzli qətnamənin lehinə 68, əleyhinə isə cəmi 8 səs verilib.

Qətnamədə diqqət çəkən əsas məqamlardan biri vaxtilə Qarabağda silahsız, günahsız insanlara qarşı cinayətlər törətmiş və Azərbaycanda məhkəmə qarşısına çıxarılaraq həbs edilmiş erməni separatçılarının azad edilməsinin tələb olunmasıdır. Məlumdur ki, həmin şəxslərdən bir neçəsinin ailə üzvləri onların azad edilməsi üçün müxtəlif beynəlxalq qurumlara müraciətlər göndəriblər. 

Azərbaycan isə Ermənistanla sülh prosesinin davam etdiyi bir dövrdə Avropa qurumunun belə bir qərarını “qərəzli, birtərəfli və əhəmiyyətsiz” adlandıraraq buna sərt reaksiya verib.

Bəs AŞPA-nın sülh prosesinin getdiyi bir vaxtda bu cür qərəzli addımlar atmasının arxasında nə dayanır?

Bununla bağlı Patrul.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın öz gücü hesabına möhkəmlənməsi AŞPA və oxşar mövqedə olan dairələri belə qərəzli addımlar atmağa sövq edir:

“Avropa Şurası Parlament Assambleyası təəssüf ki, növbəti dəfə öz dəyərlərinə zidd qərarlar qəbul etməklə gündəmə gəlir. Məsələ burasındadır ki, “separatçılıq” Avropanın istənilən ölkəsində qəbuledilməz anlayışdır. Hətta bir sıra Avropa ölkələrində separatizmə qarşı mübarizə ilə bağlı prinsipial mövqelər formalaşıb. Amma təəssüf ki, AŞPA Azərbaycana münasibətdə tamamilə fərqli yanaşma nümayiş etdirir. Biz növbəti dəfə ikili standartların şahidi oluruq.

Əslində bunun kökündə Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən qüvvələrin maraqları dayanır. Məlumdur ki, iki il əvvəl AŞPA-da ölkəmizə qarşı sərgilənən qərəzli münasibətə görə Azərbaycanın qurumdakı nümayəndə heyəti fəaliyyətini dayandırdı və münasibətlər normallaşana qədər bu fəaliyyətin bərpa olunması gözlənilmir. Lakin bundan sonra münasibətlərin normallaşmasına xidmət edəcək addımların atılması əvəzinə, AŞPA növbəti dəfə Azərbaycanla münasibətlərin daha da gərginləşməsinə səbəb ola biləcək qərarlar qəbul edir. Belə qərarlar heç bir halda Avropa Şurasının, Avropa Parlamentinin və digər Avropa institutlarının bəyan etdikləri prinsiplərlə uzlaşmır.

“Separatizm” və “terrorçuluq” beynəlxalq hüququn dəstəklədiyi anlayışlar deyil. Əksinə, onlara qarşı mübarizə əsas beynəlxalq dəyərlərdən hesab olunur. Buna baxmayaraq, AŞPA-da vaxtilə Azərbaycanda separatçılara rəhbərlik etmiş hərbi cinayətkarların azad olunması ilə bağlı çağırışlar səsləndirilir. Azərbaycan isə öz gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Məhz bundan sonra ölkəmizə qarşı bu cür demarşlar başlayıb və davam edir. Bu vəziyyət davam etdikcə, AŞPA, Avropa Parlamenti və bəzi digər Avropa qurumları ilə Azərbaycanın münasibətlərində gərginlik də qalmaqda davam edəcək”.media-whatsapp-image-2026-07-02-at-13-37-29

Millət vəkili bütün bu anti-Azərbaycan çağırışları fonunda ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu da xüsusi vurğulayıb:

“Məlumdur ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Dünən ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Ursula von der Leyen də keçirdiyi görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını, ölkəmizlə iqtisadi və ticarət əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Belə çağırışların fonunda AŞPA-da bu cür qərarların qəbul edilməsi heç bir məntiqə sığmır. Bu addımlar münasibətlərə müsbət töhfə vermək əvəzinə, yeni problemlər yaradır”.

A. Əlizadə AŞPA-nın bu qətnaməni Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir vaxtda qəbul etməsini də təsadüfi hesab etmir:

“Hətta Ermənistan rəhbərliyi belə Azərbaycan ərazisində törətdikləri hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərlə bağlı fərqli mövqe nümayiş etdirir. Bu gün regionda Azərbaycan dayanıqlı sülhün və sabitliyin təmin olunmasına çalışır. Azərbaycan-Ermənistan münasibətləri normallaşma mərhələsinə qədəm qoyub. Bütün bunların fonunda AŞPA-da Azərbaycan əleyhinə belə qərarların qəbul edilməsi həm regionda gərginliyin artırılmasına xidmət edir, həm də sülh prosesinə mane olur. Bu, birmənalı olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi avropalı siyasətçilərin və onların arxasında dayanan qüvvələrin növbəti oyunudur. Həmin dairələrin maliyyələşdirildiyi məkanın isə şimal qonşumuz Rusiya olması paradoksal vəziyyət yaradır. Bəzi Avropa qruplarının bu cür davranışları demokratik təsisatların öz prinsiplərinə ziddir və onların demokratik dəyərlərə sadiqliyi ilə bağlı ciddi suallar doğurur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər