Gələcəyin işçiləri insan olmayacaq: Bu ölkə 10 milyon robot hazırlayır!
Yaponiya 2040-cı ilə qədər 18 müxtəlif sektorda 10 milyon süni intellektlə dəstəklənən robotdan aktiv şəkildə istifadə etməyi hədəfləyir.
Patrul.az xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi yeni strateji planını elan edərkən vurğulayıb.
Məlumata görə, planın həyata keçirilməsinə səbəb Yaponiyada yaşlı əhalinin çox olması səbəbilə işçi qüvvəsinin azlığıdır.
Plana əsasən, robotların inteqrasiya olunacağı sahələr arasında istehsalat, infrastrukturun təmiri, səhiyyə xidmətləri, yaşlılara qulluq, fəlakətlərə sürətli cavab və müdafiə sənayesi kimi kritik sferalar yer alır.
Layihənin ən diqqətçəkən cəhəti süni intellektin yalnız kompüter ekranlarında qalması deyil, real dünyada fiziki və konkret funksiyaları yerinə yetirməsidir.
Milli robot sistemlərinin inkişafı üçün ölkədə “Noetra” adlı nəhəng dövlət-özəl tərəfdaşlıq konsorsiumu qurulub. Konsorsiumun tərkibində SoftBank, Sony Group, Honda, NEC kimi qlobal Yaponiya brendləri, həmçinin Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları Milli İnstitutu (AIST) yer alır. Gələcəkdə logistika və elektronika sektorundan daha 44 şirkətin bu şəbəkəyə qoşulması planlaşdırılır.
“Bu strateji addım Yaponiyanın həm iqtisadi məhsuldarlığını qorumaq, həm də texnoloji liderliyini gücləndirmək vizyonunu açıq şəkildə əks etdirir”, – deyə İqtisadiyyat, Ticarət və Sənaye naziri Akazawa Ryosei bildirib.
Qeyd edək ki, rəsmi Tokio bu qabaqcıl layihənin ilk 5 illik mərhələsi üçün 387,3 milyard yapon yenisi (təxminən 109 milyard TL / 2,4 milyard dollar) məbləğində ilkin büdcə ayırıb. Layihənin ümumi maliyyələşmə həcminin isə gələcəkdə 1 trilyon yenə (təxminən 6,2 milyard dollar) çatacağı gözlənilir.
Gülbəniz Səfərova






