2026 cı il Dünya Kubokunda bu ölkənin qələbə sevinci faciə ilə bitdi
2026-cı il FIFA Dünya Kubokunun ev sahiblərindən olan Meksikada milli komandanın tarixi qələbəsi faciə ilə nəticələnib.
Patrul.az xəbər verir ki, Meksikanın Ekvador üzərində 2:0 hesablı qələbəsini qeyd etmək üçün ölkədə 1,4 milyondan çox insan küçələrə axışaraq bayram şənliyi keçirib.
Məlumata görə, kütləvi izdiham səbəbindən küçələrdə hərəkət tamamilə dayanıb. Şənlik zamanı fişənglərin yandırılması və spirtli içki qəbul edən gənclərin mərkəzə doğru sıxılması panikaya, həmçinin güclü sıxlığa yol açıb. Hadisə zamanı 2-si qadın və 2-si kişi olmaqla, ümumilikdə 4 nəfər sıxlıq səbəbilə hava çatışmazlığından həyatını itirib.
Baş vermiş bədbəxt hadisə ilə bağlı Mexiko şəhərinin meri Klara Bruqada bəyanat yayaraq, azarkeşləri bayram tədbirlərində məsuliyyətli, ehtiyatlı və empatiya ilə hərəkət etməyə çağırıb. İzdiham kritik həddə çatdıqda mer video müraciət edərək insanlardan şəhər mərkəzinə gəlməyi dayandırmağı xahiş edib. K.Bruqada kütləni azaltmaq üçün əhalini şəhərin şərqində təşkil olunan pulsuz kumbia konsertinə yönəlməyə səsləyib.
Qeyd edək ki, ev sahibi Meksika millisi “Estadio Azteca” stadionunda Ekvadoru 2:0 hesabı ilə məğlub edərək pley-off (son 32) mərhələsini keçib və 1/8 finala vəsiqə qazanıb. Bu, Meksikanın 1986-cı ildən bəri Dünya Kubokunun pley-off mərhələlərində qazandığı ilk qələbədir.
Gülbəniz Səfərova






