media-i-5

Yay aylarında bir qrup insan ağcaqanadlardan demək olar ki, heç əziyyət çəkmədiyi halda, digərləri qısa müddətdə bir neçə dəfə dişlənir. Bu fərq çox vaxt “qanı şirindir” kimi məşhur inanclarla izah edilsə da, mütəxəssislər bunun arxasında tamamilə elmi səbəblərin dayandığını bildirirlər. Araşdırmalara görə, ağcaqanadların insan seçimi əsasən bədənin yaydığı qoxular, istilik, nəfəs və hətta geyim rəngi ilə əlaqədardır.

Patrul.az xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanovun sözlərinə görə, ağcaqanadlar ovlarını yalnız bədən istiliyinə görə müəyyən etmirlər. Onlar insan dərisindən ayrılan kimyəvi maddələrə qarşı olduqca həssasdırlar. Xüsusilə süd turşusu, ammonyak və dəri mikrobiomunun ifraz etdiyi təbii qoxular ağcaqanadlar üçün mühüm siqnallar hesab olunur. Hər bir insanın dəri mikrobiomu fərqli olduğu üçün yayılan qoxular da dəyişir və bu da bəzi insanların digərlərindən daha cəlbedici görünməsinə səbəb olur.
Alimlər bildirirlər ki, insanın sağlamlıq vəziyyəti, maddələr mübadiləsi, fiziki aktivliyi və gigiyena vərdişləri də bu qoxuların tərkibinə təsir göstərir. Məhz buna görə eyni mühitdə olan insanlar arasında ağcaqanadların seçimi fərqli ola bilir.
Mütəxəssislərin diqqət çəkdiyi digər amil isə bədən istiliyidir. Fiziki hərəkət zamanı və ya isti havada insan daha çox istilik yayır və tərləyir. Ağcaqanadlar isə həm istiliyi, həm də tərin tərkibindəki maddələri hiss edərək hədəflərini daha asan müəyyənləşdirirlər. Bu səbəbdən idman edən və ya açıq havada aktiv hərəkət edən insanlar daha çox dişlənə bilərlər.
Araşdırmalar göstərir ki, ağcaqanadlar yalnız qoxu hissinə güvənmirlər. Onların görmə qabiliyyəti də kifayət qədər inkişaf edib. Xüsusilə qara, tünd göy və qırmızı kimi tünd rəngli geyimlər bu həşəratların diqqətini daha çox cəlb edir. Açıq rəngli paltarlar isə günəş işığını daha az udduğu və ətraf mühitlə daha az kontrast yaratdığı üçün ağcaqanadların insanı seçməsini müəyyən qədər çətinləşdirə bilər.
Spirtli içkilər də ağcaqanadların marağını artıran amillərdən biri hesab olunur. Nikolay Durmanov bildirir ki, alkoqol qəbulundan sonra bədən temperaturu yüksəlir, tərləmə artır və insan daha aktiv hərəkət edir. Bu dəyişikliklər ağcaqanadların həmin şəxsi daha asan aşkar etməsinə şərait yaradır.
Mütəxəssislər əlavə edirlər ki, ağcaqanadların insanları tapmasında nəfəsalma da mühüm rol oynayır. İnsan nəfəs verərkən havaya buraxılan karbon qazı ağcaqanadlar üçün əsas istiqamətverici siqnallardan biridir. Daha çox karbon qazı ifraz edən insanlar, o cümlədən intensiv fiziki fəaliyyət göstərənlər və iri bədən quruluşuna malik şəxslər bu həşəratların diqqətini daha tez cəlb edə bilərlər.
Dişlənmə riskini azaltmaq üçün mütəxəssislər açıq rəngli və bədəni örtən geyimlərə üstünlük verməyi, ağcaqanadların daha fəal olduğu axşam saatlarında qoruyucu vasitələrdən istifadə etməyi, uzun müddət açıq havada qaldıqda repelentlərdən yararlanmağı və yaşayış məkanlarında torlu pəncərələrdən istifadə etməyi tövsiyə edirlər.
Mütəxəssislərin fikrincə, ağcaqanadların bəzi insanları digərlərindən daha çox dişləməsi təsadüf deyil. Bu seçim insan orqanizminin yaydığı bioloji siqnallar, davranış xüsusiyyətləri və ətraf mühit amillərinin birgə təsiri nəticəsində formalaşır. Buna görə də sadə qoruyucu tədbirlərə əməl etməklə yay aylarında ağcaqanad dişləmələrinin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Ləman Sərraf


Bənzər xəbərlər