AI kibercinayətkarların işini asanlaşdırıb? - Mütəxəssisdən açıqlama
Süni intellektin inkişafı ilə yanaşı, onun kibercinayət məqsədilə istifadə edilməsi də müzakirələri artırıb. Son dövrlər AI vasitəsilə həyata keçirilən hücumlar və rəqəmsal fırıldaqçılıq halları diqqət çəkir.
Bəs süni intellekt kibercinayətkarların işini asanlaşdırıbmı? Hazırda ən çox hansı kibercinayətlər AI vasitəsilə törədilir.
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, AI kibercinayətkarların işini sürətləndirərək phishing hücumlarını daha peşəkar və inandırıcı edib:
“Bəli, məncə AI kibercinayətkarların işini xeyli asanlaşdırıb. Əvvəllər saatlarla vaxt aparan phishing məktubları, sosial mühəndislik ssenariləri, saxta saytlar və hətta bəzi zərərli skriptlər artıq dəqiqələr ərzində hazırlana bilir. Xüsusilə AI ilə hazırlanan phishing e-poçtları daha peşəkar və inandırıcı olduğu üçün onları aşkar etmək də çətinləşib”.

Z. Qasimov qeyd edir ki, deepfake və AI kiberdələduzluqları daha inandırıcı və hədəfli edir:
“Digər ciddi risk isə deepfake texnologiyasıdır. Rəhbər şəxslərin səsini və görüntüsünü təqlid edərək maliyyə fırıldaqları və Business Email Compromise (BEC) hücumları həyata keçirilir. AI həmçinin açıq mənbələrdən (OSINT) məlumat toplayaraq hücumları konkret şəxs və ya şirkətə uyğunlaşdırmağa imkan verir”.
Mütəxəssis bildirir ki, AI artıq təkcə hücum deyil, müdafiə vasitəsinə də çevrilib:
“Amma AI yalnız hücum üçün istifadə olunmur. Bu gün müasir Email Security Gateway, EDR/XDR və SIEM həllərində də AI phishing, anomaliya və şübhəli davranışların aşkarlanmasında mühüm rol oynayır. Gələcəkdə üstünlük AI-dən daha düzgün istifadə edən tərəfdə olacaq”.
Cəmilə Cəfərzadə






