media-whatsapp-image-2026-07-02-at-15-27-07

“​Dövlətimizin müstəqilliyinin, daxili sabitliyin və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında Azərbaycan polisinin fədakar xidməti hər zaman xüsusi önəm kəsb edir.
Hələ 1993-cü ildə, Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra polis orqanlarına fundamental siyasi qiymət verərək polisi dövlətin onurğa sütunu, ictimai asayişin polad qalxanı adlandırmışdı. Bu gün isə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi dövlət hakimiyyətinin monolitliyini, sarsılmazlığını və xalq ilə iqtidar arasındakı hüquqi və mənəvi etimadı təmsil edən rəsmi və qətiyyətli sima kimi özünün yeni inkişaf dövrünə, ən qüdrətli çağına qədəm qoyub. Bu gün əminliklə demək mümkündür ki, müasir Azərbaycan polisi xalqa və dövlətə sədaqətin ən bariz nümunəsidir”.

Bu sözləri Patrul.az-a 108 yaşını qeyd edən Azərbaycan Polisinin misilsiz xidmətləri barədə danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, 108 yaşını qeyd edən Azərbaycan polisi vəzifə borcuna sadiq qalıb:

“Ona bəslənən inam və etimadı doğruldaraq ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunması, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları, o cümlədən qanunla qarşısına qoyulmuş digər önəmli vəzifələri peşəkarlıqla, layiqincə yerinə yetirməklə dövlətçiliyimizin təməl sütunlarından birinə çevrilmişdir. 90-cı illərin əvvəllərində xaosdan, sonrakı dövrdə isə “rəngli inqilablar” və ya vətəndaş qarşıdurmaları yaratmaqla dövlət çevrilişi cəhdlərindən, Vətən müharibəsi və antiterror əməliyyatları kimi mürəkkəb periodlardan şərəflə çıxmağı bacaran Azərbaycan polisi bu gün yalnız ölkədə öz vəzifələrini yerinə yetirən oturuşmuş institut yox, həm də cənab İlham Əliyevin müsəlləh əsgərləri kimi bütövlükdə regionda sabitliyin, asayişin və ictimai təhlükəsizliyin qarantına çevrilib. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan xalqı polisə qarşı aparılan hər bir qaralama kampaniyasının əslində dövlətin müstəqil siyasətinə qarşı yönəlmiş siyasi diversiya olduğunun fərqindədir və polis xalqı olduğu kimi, xalq da polisini qətiyyətlə qoruyur”.

media-whatsapp-image-2026-07-02-at-13-34-02

“Bu əlamətdar gündə xalqımız, dövlətimiz qarşısında yorulmaz xidmətlərinə, rəşadətli əməyinə görə hər bir polisimizə təşəkkürümüzü çatdırır, başda daxili işlər naziri olmaqla, Azərbaycan polisinin bütün şəxsi heyətini, o cümlədən təmsil etdiyim Biləsuvar rayonunun Polis Şöbəsinin əməkdaşlarını Polis Günü münasibətilə təbrik edir, hər bir polisimizə daha güclü Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayırıq.
Bizim polisimiz bizim gücümüzdür.
Eşq olsun Azərbaycan polisinə!”– deyə o, fikirlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər