Evdə istifadə olunan hava təravətləndiriciləri nə qədər təhlükəsizdir?
Evlərdə xoş qoxu yaratmaq üçün istifadə olunan hava təravətləndiriciləri, otaq spreyləri və ətirli məhsullar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin son illərdə bu məhsulların tərkibindəki bəzi kimyəvi maddələrin həm insan sağlamlığına, həm də ev heyvanlarına mümkün təsiri ilə bağlı araşdırmalar diqqət çəkir.
Patrul.az-ın araşdırmalarına görə, bəzi elmi tədqiqatlar göstərir ki, hava təravətləndiricilərinin tərkibində olan uçucu üzvi birləşmələr (VOC) və sintetik ətirlər baş ağrısı, allergik reaksiyalar, göz və tənəffüs yollarında qıcıqlanma yarada bilər. Astma və allergiyası olan şəxslər, uşaqlar, yaşlılar, eləcə də pişik, it və xüsusilə quşlar bu maddələrə qarşı daha həssas hesab olunur. Mütəxəssislər bildirirlər ki, qapalı məkanlarda bu məhsullardan həddindən artıq istifadə həm havanın keyfiyyətini pisləşdirə, həm də ev heyvanlarında tənəffüs problemləri və narahatlıq yarada bilər. Bu səbəbdən otaqların mütəmadi havalandırılması və məhsulların normadan artıq istifadə edilməməsi tövsiyə olunur.
Hava təravətləndiriciləri düzgün istifadə edildikdə faydalı olsa da, onların tərkibi və istifadə tezliyi nəzərə alınmalı, həm insanların, həm də ev heyvanlarının sağlamlığı üçün ehtiyatlı davranılmalıdır.
Cəmilə Cəfərzadə






