Azyaşlılar yaşını böyüdüb sosial şəbəkəyə daxil olur? - AÇIQLAMA
Son illər azyaşlıların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması dünya gündəmində ən çox müzakirə olunan mövzulardan biridir. Bir sıra platformalar yaş məhdudiyyətini gücləndirmək üçün yeni texnologiyalar tətbiq etsə də, uşaqların qeydiyyat zamanı yaşını olduğundan böyük göstərməsi bu sistemlərin effektivliyi ilə bağlı suallar yaradır.
16 yaşı tamam olmayan uşaqların sosial şəbəkələrdə hesab açmasının qarşısını texniki baxımdan almaq nə dərəcədə mümkündür? Uşaq qeydiyyat zamanı yaşını olduğundan böyük göstərərsə, platformalar bunu hansı texnologiyalar vasitəsilə müəyyən edib qarşısını ala bilir?
Bu mövzu ilə bağlı Patrul.az-ın sualını texnoloq Elvin Həsənov cavablandıraraq bildirib ki, 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasının qarşısını texniki baxımdan tam almaq hələ mümkün deyil:
“Realığı danışsaq 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasının qarşısını texniki baxımdan tam almaq hazırda mümkün deyil. Müəyyən nəzarət mexanizmləri mövcuddur, lakin onların heç biri 100 faiz nəticə vermir. Çünki rəqəmsal mühitdə istifadəçinin təqdim etdiyi məlumatın həqiqiliyini hər zaman avtomatik təsdiqləmək mümkün olmur. Ən sadə üsul qeydiyyat zamanı doğum tarixinin daxil edilməsidir. Lakin uşaq yaşını bilərəkdən böyük göstərərsə, sistem bunu hər zaman aşkar edə bilmir. Nuna görə də dünyanın bir çox ölkəsində daha etibarlı yaş təsdiqləmə texnologiyaları üzərində işlənilir. Hazırda bəzi platformalar süni intellekt vasitəsilə istifadəçinin yaşını təxmin etməyə çalışır. Məsələn profil şəkli, paylaşılan məzmun və s. digər siqnallar analiz edilərək hesab sahibinin göstərdiyi yaşın reallığa uyğun olub-olmadığı qiymətləndirilə bilər. Bundan başqa, bəzi ölkələrdə üz tanıma texnologiyaları, şəxsiyyət vəsiqəsinin yoxlanılması və ya valideyn razılığı kimi mexanizmlər də tətbiq olunur”.

Mütəxəssisin fikrincə, texniki yaş yoxlaması vacib olsa da, valideyn nəzarəti, rəqəmsal maarifləndirmə və şəxsi məlumatların məxfiliyinin qorunması olmadan bu problem tam həll edilə bilməz:
“Ancaq başqa bir məsələ də ortaya çıxır. Yaşı yoxlamaq üçün daha çox şəxsi məlumat toplanılır. Lakin buda öz növbəsində məxfilik və biometrik məlumatların qorunması ilə bağlı yeni suallar yaradır. Yəni bir tərəfdən uşaqları qorumağa çalışırıq, digər tərəfdən onların şəxsi məlumatlarının necə emal ediləcəyi də diqqətdə saxlanılmalıdır. Buna görə də texnologiya ilə məxfiliyin qorunması arasında balans tapmaq çox vacibdir. Bu səbəbdən hesab edirəm ki, texniki yaş yoxlaması vacib addımdır, amma onu yeganə həll yolu kimi görmək düzgün olmaz. Əgər valideyn nəzarəti yoxdursa, məktəblərdə rəqəmsal təhlükəsizlik öyrədilmirsə və uşağın internetdə nə etdiyinə maraq göstərilmirsə, ən müasir sistem belə bütün riskləri aradan qaldıra bilməyəcək”.
Cəmilə Cəfərzadə






