media-whatsapp-image-2026-07-02-at-13-23-11

“Fikrimcə, polis cəmiyyətin təhlükəsizliyini, sabitliyini və qanunun aliliyini təmin edən ən mühüm dövlət institutlarından biridir. İnsanların gündəlik həyatını rahat və təhlükəsiz davam etdirməsində polis əməkdaşlarının əməyi danılmazdır. Onların fəaliyyəti yalnız cinayətkarlıqla mübarizə ilə məhdudlaşmır”.

Bunu Milli Məclisin deputatı Elnarə Akimova 2 İyul – Polis Günü münasibətilə təəssüratlarınızı və polis əməkdaşlarının cəmiyyətimizdəki rolu ilə bağlı fikirlərinizi Patrul.az-a bölüşərkən bildirib.
Deputat bildirib ki,Azərbaycan polisi ictimai təhlükəsizliyin təmin olunması və Vətənin müdafiəsində hər zaman fədakarlıqla xidmət göstərərək qəhrəmanlıq nümunəsi sərgiləyib:

“Polis əməkdaşları ictimai asayişin qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallarda vətəndaşlara yardım göstərilməsi, cinayətlərin profilaktikası və hüquq qaydasının qorunması istiqamətində gecə-gündüz, istirahət günü tanımadan xidmət göstərirlər. Azərbaycan polisi tarix boyu dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb. Xüsusilə Birinci Qarabağ müharibəsində yüzlərlə polis əməkdaşı ön cəbhədə döyüşərək qəhrəmanlıq nümunəsi göstərib, bir çoxu Vətən uğrunda şəhid olub. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri və digər polis bölmələri ən ağır döyüşlərdə iştirak edərək torpaqlarımızın müdafiəsi naminə canlarından keçiblər”.

media-whatsapp-image-2026-07-02-at-13-23-11

E. Akimova qeyd edir ki, Azərbaycan polisi Vətən müharibəsi və sonrakı dövrdə də peşəkarlıq və fədakarlıq nümayiş etdirərək dövlətçiliyin və milli təhlükəsizliyin etibarlı dayaqlarından biri olduğunu sübut edib:

“2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və sonrakı dövrdə həyata keçirilən antiterror tədbirləri zamanı da Azərbaycan polisi öz üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Polis əməkdaşları döyüş bölgələrində təhlükəsizliyin təmin olunması, azad edilmiş ərazilərdə ictimai asayişin bərpası, diversiya təhlükələrinin qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması və dövlət əhəmiyyətli obyektlərin mühafizəsi istiqamətində mühüm xidmətlər göstərdilər. Bu müqəddəs yolda onlar arasında şəhid olanlar, sağlamlığını itirən qazilər və xüsusi igidlik nümunəsi göstərən əməkdaşlar oldu. Onların göstərdiyi fədakarlıq Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixinin ayrılmaz hissəsidir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən bərpa olunması, insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması üçün polis əməkdaşları gecə-gündüz xidmət aparır, hüquq qaydasının və ictimai təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verirlər. Bu, bir daha göstərir ki, Azərbaycan polisi yalnız asayiş keşikçisi deyil, həm də dövlətçiliyimizin, milli təhlükəsizliyimizin və xalqımızın əmin-amanlığının etibarlı dayaqlarından biridir”.

Deputat sonda polis əməkdaşlarını təbrik edib, şəhidlərə rəhmət, qazilərə isə şəfa arzuladığını bildirib:

“Hesab edirəm ki, polis peşəsi böyük məsuliyyət, yüksək peşəkarlıq və fədakarlıq tələb edir. Cəmiyyət olaraq onların əməyini qiymətləndirməli, şəhid polis əməkdaşlarımızın xatirəsini daim ehtiramla yad etməli, qazilərimizin qəhrəmanlığını unutmamalıyıq. 2 İyul – Polis Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıram. Onların Vətənə, dövlətə və xalqa sədaqətlə göstərdikləri xidmət hər zaman qürur mənbəyimiz olacaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər