media-fa1982ac-771a-4157-a669-9fd75de47729

Patrul.az xəbər verir ki, bir qrup gənc qız Bakıda yerləşən məzarlıqlardan birinə daxil olaraq orada rəqs edib, müxtəlif pozalarda şəkillər çəkdirib və həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb. Sözügedən görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Dünyanın müxtəlif ölkələrində buna bənzər halların baş verdiyi məlumdur. Məsələn, bəzi ölkələrdə vəfat edən şəxslərin anım və yas mərasimlərində spirtli içkilərin təqdim olunması, eləcə də bəzi məzarlıqlarda yemək məclislərinin və rəqs tədbirlərinin keçirilməsi müşahidə olunur. Bunlar həmin cəmiyyətlərin adət-ənənələri və mədəni xüsusiyyətləridir. Xarici ölkələrdə baş verən bu cür hadisələrə qiymət vermək və ya onları mühakimə etmək düzgün olmaz. Hər bir xalqın öz adət-ənənəsinə və daxili dəyərlərinə hörmətlə yanaşmaq lazımdır.

Lakin Azərbaycan cəmiyyətində vəziyyət tam fərqlidir. Bizim milli-mənəvi dəyərlərimizə görə məzarlıqlar insanların əzizlərinin xatirəsini yad etdiyi, onlara hörmət və ehtiram göstərdiyi müqəddəs məkanlardır. Belə bir yerdə rəqs etmək, əylənmək və sosial şəbəkələr üçün müxtəlif pozalarda şəkillər çəkdirmək cəmiyyətimizdə qəbul olunan davranış hesab edilmir.

Azadlıq heç vaxt mənəvi sərhədlərin aşılması demək deyil. Xüsusilə də söhbət insanların əzizlərinin uyuduğu, yaxınlarının ziyarət etdiyi məkanlardan gedirsə, hər kəs davranışına daha həssas yanaşmalıdır. Sosial şəbəkələrdə diqqət çəkmək naminə milli-mənəvi dəyərlərə hörmətsizlik nümayiş etdirmək cəmiyyət tərəfindən haqlı olaraq qınaqla qarşılanır.

Məzarlıqlar əyləncə və fotosessiya məkanı deyil. Bura insanların əzizlərinin xatirəsini yaşatdığı, dua etdiyi və ehtiram göstərdiyi yerdir. Bu dəyərlərin qorunması hər birimizin mənəvi borcudur. Hər kəs paylaşım naminə deyil, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmət prinsipi ilə davranmalıdır.


Bənzər xəbərlər