media-97b8fb3e-e12d-4ad6-aeea-ff848a7b3a64

Son vaxtlar dünyanın müxtəlif ölkələrində baş verən zəlzələlər, xüsusilə də böyük dağıntılar və insan itkiləri ilə nəticələnən hadisələr, planetin seysmik aktivliyinin artdığını göstərir. 3000-dən çox insanın ölümünə səbəb olan 2025-ci ilin ən güclü yeraltı təkanı 7,7 bal gücündə Myanmada baş verən zəlzələ oldu. Zəlzələ yalnız Myanmarla məhdudlaşmadı. Çin, Tayvan və digər qonşu ölkələrdə də yeraltı təkanlar müşahidə olundu ki, bu da regionda seysmik gərginliyin yüksəldiyinə işarədir. Qardaş ölkə Türkiyənin Van bölgəsində də 4.1 bal gücündə zəlzələ qeydə alınıb. Bu təkanlar bir neçə saat ərzində ard-arda baş verib. İranın Fars əyalətində, Lamerd şəhəri yaxınlığında isə aprelin əvvəlində 9 kilometr dərinlikdə 4 bal gücündə zəlzələ baş verib. Bu hadisələrin ardıcıl şəkildə baş verməsi Cənubi Qafqaz və Yaxın Şərq bölgəsində seysmik fəallığın yüksəldiyini göstərir.
Azərbaycanın özündə də bu proseslər gedişində narahatlıq doğuran təkanlar müşahidə olunmaqdadır. Aprelin 14-də Bakının Xəzər dənizi sahillərində 72 kilometr dərinliyi olan 3.3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Havanın qeyri-sabitliyi ilə müşayiət olunan bu dövr ərzində baş verən təkanlar cəmiyyətin diqqətini seysmik təhlükəsizlik məsələlərinə yönəldib.
Türkiyə, İran və digər yaxın regionlarda artan seysmik aktivlik, Azərbaycanda da zəlzələnin baş verməsi ehtimalını artırır. Bəs ölkəmizdə yaxın zama larda zəlzələ baş verə bilərmi? Bu barədə Patrulaz.az-a seysmoloq Qulam Babayev öz açıqlamasını verdi:
“Seysmik-tektonik aktivliyin bütün dünyada intensiv şəkildə artdığı müşahidə olunur və bu proses müəyyən dövrlərlə təkrarlanan periodik xarakter daşıyır. 2023-cü ildə qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər də bu tendensiyanın bariz nümunəsidir. Hazırda dünyanın müxtəlif seysmik aktiv zonalarında güclü geodinamik proseslər müşahidə olunur. Azərbaycan da bu proseslərdən kənarda qalmır. Ölkəmizdə də zəlzələ halları qeydə alınır.
Lakin sözügedən digər seysmik zonalarla müqayisədə, Azərbaycanda yer qabığının hərəkətləri və yerdəyişmə sürəti daha zəifdir. Buna görə də, ölkəmizdə dağıdıcı gücə malik zəlzələlərin baş verməsi ehtimalı aşağıdır. Bir sözlə, Myanmarda baş verən 7,7 bal gücündəki kimi güclü tektonik aktivlik Azərbaycanda gözlənilmir. Bununla belə, ölkəmizdə müəyyən vaxtlarda hiss olunan zəif və orta güclü zəlzələlərin baş verməsi qaçınılmazdır”.
Seysmoloq Azərbaycanın regional ölkələrində yeraltı intensivliyin artdığını vurğulayaraq, ölkəmizin də zəlzələ ehtimalının baş verəcəyini bildirir:
“Əgər İran, Türkiyə, Gürcüstan kimi qonşu ölkələrdə, eləcə də Xəzər dənizində yeraltı təkanlar baş verirsə, bu proseslərdən Azərbaycanın tamamilə kənarda qalması mümkün deyil. Lakin ölkəmizdə baş verən yeraltı hərəkətlərin intensivliyi, bu regionlarla müqayisədə daha zəif və nisbətən sabit xarakter daşıyır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər