“Azərbaycanın dürüst və etibarlı tərəfdaş olması Avropanın Azərbaycanın enerji resurslarına marağını artırır“ - ŞƏRH
“Şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platformalardan biridir. Bu baxımdan da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının keçirilməsi mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, bu platformanın yaradılması ilə bağlı təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb və Avropa Komissiyası tərəfindən də dəstəklənib. Bu platforma enerji sahəsində əməkdaşlığı möhkəmləndirmək və enerji təhlükəsizliyini təmin etmək məqsədi daşımaqla yanaşı enerji keçidi arasında uzlaşmanın gücləndirilməsində də mühüm rol oynayır. Odur ki, bu mühüm toplantıya maraq da ildən ilə artır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, nazirlərin 11-ci toplantısına Azərbaycan və Avropa İttifaqı da daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılmışdır:
“Tədbirlər çərçivəsində biz yüksək səviyyəli qonaqların enerji diplomatiyasının inkişafı üçün önəmli müzakirələr apardığına şahidlik etdik. Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin iştirakı ilə keçirilən birgə mətbuat konfransı da bu əməkdaşlığın səmərəliliyini əks etdirir.
Bu gün hər kəs qəbul edir ki, Cənub Qaz Dəhlizi Avropanın qazla təminatında əvəzedilməz layihələrdən biridir. Bu dəhliz enerji təhlükəsizliyi dəhlizidr və Avropa üçün ən etibarlı layihədir. Çünki, dayanıqlı enerji təhlükəsizliyinin təmin edilməsini şaxələndirməyin alternativi yoxdur. Buna görə, enerji həcminin məhz müxtəlif mənbələrdən və marşurtlardan əldə edilməsi enerji təhlükəsizliyi üçün vacib şərtdir və Avropa üçün həyati əhəmiyyət təşkil edir.
Elə toplantı iştirakçıları da öz çıxışlarında Cənub Qaz Dəhlizinin regionun enerji xəritəsindəki rolunu bir daha vurğulayaraq, onun Azərbaycan qazını etibarlı və rəqabətqabiliyyətli şəkildə alıcılara çatdıran ötürücü sistem kimi əhəmiyyətini xüsusi olaraq qeyd etdilər.
Son illərdə Azərbaycan nəinki, etibarlı tərəfdaş kimi öz mövqeyini qoruyub, o cümlədən öz coğrafiyasını xeyli genişləndirib. Azərbaycanın dürüst və etibarlı tərəfdaş olması da artıq hər kəs tərəfindən qəbul olunur. Məhz bu amil Avropanın Azərbaycanın enerji resurslarına marağını artırır. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır, onların 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Son bir il ərzində əlavə 5 ölkə Azərbaycanın təbii qaz alıcısına çevrilib. Əgər dəhlizin fəaliyyətə başladığı 4 ilə nəzər alsaq görərik ki, 2024-cü ildə Azərbaycan, o cümlədən SOCAR şirkəti tərəfindən 25 milyard kubmetrdən çox təbii qaz ixrac edilmiş, bunun 13 milyard kubmetrdən çoxu Avropa İttifaqına yönəldilmişdir. Bu göstərici 2021-ci illə müqayisədə 57%-lik artım deməkdir.
Son olaraq qeyd edim ki, bu cür beynəlxalq platformalar enerji təhlükəsizliyini təmin etmək üçün istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında balanslı və məsuliyyətli əməkdaşlığı təşfiq etməklə yanaşı ölkəmizin imicinə, beynəlxalq arenadakı nüfuzuna da mühüm töhfə verir”.