"Azərbaycanın tranzit qərarı Bakının sülhə səmimiliyini göstərir" - Deputat
“Hərbi-siyasi zəfərlərinin ardınca yaranan yeni geosiyasi reallıqda sülh və etimad quruculuğu prosesinə xüsusi diqqət, ayıraraq dayanıqlı sülhə və əməkdaşlığa regionda təhlükəsizliyin təməl prinsipi kimi baxdığını Azərbaycan Respublikası haqlı olaraq hesab edir ki, sülh prosesinin təməlində birmənalı şəkildə uzlaşdırılmış maraqlar dayanmalıdır. Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında paraflanmış Sazişin 10-cu maddəsi ilə tərəflər müxtəlif sahələrdə, o cümlədən tranzit, nəqliyyat istiqamətləri üzrə razılaşmaları mümkün hesab edir”.
Bu sözləri Patrulaz.az-a çıqlamasında deputat Bəhruz Məhərrəmov Azərbaycan və Ermənistana arasında mövcud diplomatik münasibətləri şərh edərək deyib.
Deputatın sözlərinə görə, Bakı və İrəvan bölgədə ədalətli və davamlı sülhün təmin edilməsi, həmçinin mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində addımlar atır:
“Sənədin preambulasında da ifadə olunduğu kimi, Azərbaycan və Ermənistan bu məsələdə, o cümlədən digər strateji istiqamətlərdə bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinin təcili zərurətini anlayaraq razılığa gəlib. Həm Bakı, həm də İrəvanda hesab olunur ki, Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yaranan və bölgəyə ədalətli, hərtərəfli, o cümlədən davamlı sülh vəd edən və buna de-fakto nail olan geosiyasi situasiyada ümumi işə və xalqların rifahına dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə vermək, o cümlədən iki dövlət arasında mehriban qonşuluq münasibətlərini bərqərar etməklə nail olmaq mümkündür”.

B.Məhərrəmov Azərbaycanın tranzit qərarının Bakının sülhə səmimiliyini və Ermənistan üçün yeni imkan yaratdığını göstərdiyini vurğulayıb:
“Azərbaycan Respublikasının ölkə ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı bu mənada Bakının mövqeyində nə qədər səmimi olduğunu bir daha nümayiş etdirdi. Beləliklə də, Ermənistan özünün işğal və təcavüz siyasəti nəticəsində dirəndiyi dalan və öz ucbatından məruz qaldığı iqtisadi blokadadan çıxmaq istiqamətində tarixi şansla üz-üzə qaldı”.
Cəmilə Cəfərzadə






