"Azyaşlıların mədəni abidələrə qarşı vandalizmi təkcə hüquqi deyil, psixoloji və sosial kökləri olan davranışdır" - Elnur Rüstəmov
Məlumumuzdur ki, bu yaxınlarda Nizami Kino Mərkəzinin divarları vandalizmə məruz qalıb. 16-20 yaşlı yeniyetmə və gənc nəslin nümayəndələri divarlara mənasız yazılarlarla qraffiti çəkərək 1934-cü ildən tikilmiş mədəni baxımından əhəmiyyətli bir obyektə zərər vurublar. Azyaşlıların mədəni abidələrə qarşı milli-mənəvi dəyərlərə zidd davranışlar sərgiləməsi ilə bağlı olaraq, bu cür halların qarşısının alınması üçün valideynlər və cəmiyyət hansı təsirli yanaşmaları tətbiq etməlidir?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, azyaşlılarda vandal davranışlar identiklik axtarışı və özünüifadə ehtiyacının düzgün yönləndirilməməsi ilə bağlıdır:
“Azyaşlıların mədəni abidələrə qarşı qraffiti və digər vandal davranışlar göstərməsi təkcə hüquqi məsələ deyil, bu, psixoloji və sosial faktorların qarşılıqlı təsiri nəticəsində formalaşan kompleks bir davranış modelidir. Bu tip davranışları düzgün anlamaq üçün uşağın inkişaf mərhələsi, şəxsiyyət xüsusiyyətləri, sosial mühit və cəmiyyətin verdiyi mesajlar birlikdə təhlil olunmalıdır. Yeniyetməlik dövrü identiklik axtarışı ilə xarakterizə olunur. Bu mərhələdə gənc insan “mən kiməm?” sualına cavab tapmağa çalışır və özünü ifadə etmək üçün müxtəlif yollar axtarır. Əgər bu ifadə kanalları sağlam və konstruktiv şəkildə formalaşdırılmırsa, o zaman destruktiv davranışlar ortaya çıxa bilir. Qraffiti bəzən gənc üçün sadəcə “iz qoymaq”, görünmək və qəbul olunmaq ehtiyacının simvolik ifadəsinə çevrilir. Xüsusilə diqqət, tanınma və sosial təsdiq ehtiyacı qarşılanmadıqda bu cür davranışlar daha çox müşahidə olunur. Digər mühüm faktor sosial öyrənmədir. Uşaq və yeniyetmələr davranışları müşahidə yolu ilə mənimsəyirlər. Əgər onlar mediada, küçə mədəniyyətində və ya yaxın mühitdə bu tip vandal davranışları “cəsarət”, “azadlıq” və ya “protest” kimi görürlərsə, bu model onlarda normallaşa bilər. Bu zaman davranış artıq fərdi seçim deyil, sosial təsirin nəticəsi kimi formalaşır”.

E. Rüstəmov qeyd edir ki, azyaşlılarda vandal davranışlar emosional tənzimləmə problemləri və ailə nəzarətinin zəifliyi ilə əlaqəli olub, təkcə cəza ilə deyil, düzgün tərbiyə və yönləndirmə ilə qarşısı alınmalıdır:
“Eyni zamanda, emosional tənzimləmə problemləri də mühüm rol oynayır. Aqressiya, daxili gərginlik, narazılıq və ya ailə daxilində yaşanan konfliktlər uşağın davranışında dolayı yollarla üzə çıxa bilər. Mədəni abidələrə zərər vermək bu emosiyaların çıxış forması kimi ortaya çıxa bilir. Bu, əslində uşağın iç dünyasında olan disbalansın xarici mühitə yönəlmiş ifadəsidir. Ailə faktoru burada xüsusi əhəmiyyət daşıyır. Valideyn nəzarətinin zəif olması, emosional əlaqənin kifayət qədər qurulmaması, sərhədlərin düzgün müəyyən edilməməsi uşağın davranışlarında risk yaradır. Əgər uşağa dəyər anlayışı, ictimai məsuliyyət və mədəni irsə hörmət erkən yaşdan aşılanmırsa, o zaman bu boşluq sonradan sosial məsuliyyətsizlik kimi özünü göstərir. Bu davranışların qarşısını almaq üçün yanaşma yalnız cəza üzərində qurulmamalıdır”.
Psixoloqun sözlərinə görə, bu cür davranışların qarşısının alınması üçün profilaktika və maarifləndirmə əsas rol oynayır:
“Daha effektiv yanaşma profilaktika və psixoloji maarifləndirmədir. Məktəblərdə və ailələrdə mədəni dəyərlərin, tarixi irsin əhəmiyyətinin izahı, empatiyanın inkişaf etdirilməsi, sosial məsuliyyət hissinin formalaşdırılması əsas istiqamətlərdən biridir. Uşağa başa salınmalıdır ki, mədəni abidə sadəcə daş və ya bina deyil, bu, kollektiv yaddaşın, kimliyin və tariximizin bir hissəsidir”.
Cəmilə Cəfərzadə






