Bakı sakinlərinə vacib olmadığı təqdirdə evlərini tərk etməmələri tövsiyə olunur
Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin olması ilə əlaqədar sakinlərə vacib olmadığı təqdirdə evlərini tərk etməmələri tövsiyə olunur.
Patrulaz.az məlumat verir ki, bu cür hava şəraiti insanların gündəlik fəaliyyəti, nəqliyyatın hərəkəti və ictimai təhlükəsizlik baxımından müəyyən çətinliklər yaradır. Bu səbəbdən də Bakı sakinlərinə vacib ehtiyac olmadığı təqdirdə evlərini tərk etməmələri, xüsusilə axşam və gecə saatlarında açıq sahələrdə hərəkət etməmələri tövsiyə olunur.
Mütəxəssislər bildirir ki, güclü külək ağacların aşmasına, müxtəlif növ əşyaların uçmasına səbəb ola bilər. Bütün bunlar da insan həyatı üçün ciddi təhlükəyə səbəb olar. O cümlədən, bu cür hava şəraitində elektrik və rabitə xətlərində nasazlıqlar, yol hərəkətində gecikmələr və bəzi ərazilərdə qısa müddətli elektrik kəsintiləri də ola bilər.
Xüsusilə yaşlılar, uşaqlar və səhhətində problemi olan şəxslərə bu günlərdə daha diqqətli olmaları, ev şəraitində qalmaları məsləhət görülür.
Sürücülərə isə yağışlı və küləkli hava şəraitini nəzərə alaraq, yollarda ehtiyyatla hərəkət etmələri barədə tövsiyə edilir.
Gülbəniz Səfərova