Özümüzü pis xəbərlərin təsirindən necə qorumalıyıq? - Psixoloq TÖVSİYƏLƏRİ
Son illərdə dünyada müharibələrin verdiyi fəlakətlər, baş vermiş dəhşətli qətllər, məşhurların faciəvi şəkildə gözlənilmədən ölümü ilə bağlı xəbərlər insanların psixologiyasına istəmsizcəsinə mənfi təsir edir. Biz istəməsək də, gün ərzində bəd xəbərləri ya kimdənsə eşidir, ya da sosial şəbəkələrdə qarşılaşırıq. Rəqəmsal dünyada pis xəbərlərin insan şüuruna ötürdüyü mənfiliklərə görə internet mühitindən uzaqlaşmağımız da qeyri-mümkündür.
Bəs cəmiyyətdə baş verən pis hadisələrin insan psixilogiyasına vurduğu təsirləri necə azalda bilərik?
Bu barədə Patrulaz.az-a açıqlama verən psixoloq Zeynəb Əyyubova bildirib ki, neqativ xəbərlərlə gündəlik qarşılaşmalar insanda psixoloji “təhlükə rejimi” yaradır:
“Tez-tez yayılan neqativ xəbərlər fərqinə varmadan bizi psixoloji “təhlükə rejimi”nə salır. Bu vəziyyət uzunmüddətli narahatlıq, güvənsizlik və emosional tükənmişlik yarada bilər. Beyin üçün daimi təhlükə siqnalları yuxu pozuntuları, konsentrasiya çətinliyi və emosional dalğalanmalarla nəticələnə bilər. Bu səbəbdən gündəlik informasiya ilə təmasımıza diqqət yetirməyimiz vacibdir”.
Psixoloq insanın daxili tarazlığını qorumaq üçün asan tətbiq oluna bilən, lakin təsirli üsulları da açıqladı:
“Xəbərlərin sayını azaldın – gündə 1–2 dəfə əsas xəbərləri yoxlamaq bəs edər;
Sosial şəbəkələrdə fasiləsiz “scroll” etmə vərdişini azaldın;
Günü müsbət şeylərlə başlayın – sakit musiqi, dua, gəzinti;
Ruh halını qoruyan gündəlik rituallar yaradın;
Sağlam qidalanma və fiziki aktivlik – kortizol (stress hormonu) səviyyəsini tənzimləyir:
Duyğularınızı ifadə edin – yazmaq, danışmaq, paylaşmaqla yüklənmənin qarşısını alın;
Sosial təmas vacibdir – yaxın insanlarla söhbət, dəstək çevrəsi yaratmaq ruhu gücləndirir;
Yaradıcılıqla məşğul olun – rəsm, yazı, musiqi, əl işləri stressi azaldır;
Təbiətlə əlaqə qurun – parkda gəzmək belə bədənin və zehnin rahatlamasına kömək edir;
Qorxu və narahatlığı içinizdə saxlamaq əvəzinə, bölüşün – psixoloq, dost və ya jurnal sayfası bu prosesdə çox faydalı ola bilər;
Real təhlükəni xəyali qorxudan ayırd etməyi öyrənin – hər xəbər bizə aid deyil.
Media savadlılığı vacibdir. Faktı emosiya ilə qarışdırmadan, mənbəni yoxlayaraq oxuyun. Uşaqlar da eyni xəbərləri görür və anlayır. Valideynlər gərək onlara vəziyyəti yaşlarına uyğun izah etsinlər və təhlükəsizlik hissini versinlər. Uşaqlar üçün ən güclü qoruyucu faktor valideynin özünün sakitliyidir.
Cəmiyyət olaraq gündəlik həyatımızda daha çox neqativ xəbərə məruz qalırıq. Bu xəbərlər informativ olsa da, psixoloji yükü çox ağır ola bilər. Gündəlik qorxu və güvənsizlik hissi təkcə fərdi deyil, ictimai davranışlara da təsir edir. Buna görə də psixoloji olaraq özümüzü qorumağı öyrənməliyik…”
Gülbəniz Səfərova






