media-inshot_20251216_094700688

Suriyada hakimiyyətini itirdikdən sonra Rusiyaya qaçan sabiq prezident Bəşər Əsədin Moskvada necə bir həyat sürdüyü məlum olub.

Patrul.az “The Guardian”a istinadən xəbər verir ki, Əsəd Rusiyaya köçdükdən sonra yarımçıq qalan tibb təhsilini bərpa edib və oftalmologiya üzrə dərslər almağa başlayıb. Məlumata görə, o, eyni zamanda rus dilini öyrənməyə də cəhd göstərir.

Mənbənin bildirdiyinə görə, Bəşər Əsəd Moskvanın elitar Rublyovka qəsəbəsində yaşayır. Onun burada vaxtilə Ukraynadan qaçaraq Rusiyada məskunlaşan sabiq Ukrayna prezidenti Viktor Yanukoviç kimi şəxslərlə eyni ərazidə yaşadığı qeyd olunur.

“O, çox sakit həyat sürür. Xarici dünya ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Əlaqə saxladığı insanlar əsasən vaxtilə sarayında çalışan şəxslərdir”, – deyə, Əsədin ailə dostlarından biri açıqlayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Bəşər Əsəd arasındakı münasibətlərin hazırda yaxşı olmadığı bildirilir. Kremlə yaxın mənbələr Putinin hakimiyyətini itirmiş liderlərə qarşı səbirli olmadığını və Əsədin artıq Rusiyada nüfuzlu fiqur kimi qəbul edilmədiyini vurğulayıb.

Başqa bir iddiaya görə, Əsəd ailəsi Moskvadan Birləşmiş Ərəb Əmirliklərinə köçməyi planlaşdırır. Ailə dostlarının sözlərinə görə, buna səbəb onun övladlarının rus dilinə və Rusiyanın sosial mühitinə uyğunlaşmaqda çətinlik çəkməsidir. Məlumata əsasən, Əsədin oğlu Zein Əsəd isə Moskvadakı eksklüziv idman zallarından birinin üzvüdür.

Xatırladaq ki, Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi 61 illik BƏƏS rejimi 8 dekabr 2024-cü ildə “Təhrir əl-Şam”ın başçılıq etdiyi müxalif qüvvələrin irimiqyaslı hücumları nəticəsində süqut edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər