10042 nömrəli parklanma məntəqəsi niyə görünmürdü? - AzParking-dən cavab - VİDEO
Sosial şəbəkələrdə yayılan görüntüdə bir sürücünün avtomobilini park etmək üçün “AzParking” mobil tətbiqindən istifadə etməyə çalışdığı, lakin 10042 nömrəli parklanma məntəqəsini tətbiq üzərindən tapa bilmədiyi əks olunub.
Kadrlarda parklanma məntəqəsinin girişində yerləşdirilən məlumat lövhəsində 10042 nömrəsinin göstərildiyi, lakin istifadəçinin tətbiqdə həmin məntəqəni tapa bilmədiyini bildirdiyi görünür.
Patrul.az məsələ ilə bağlı “AzParking”a sorğu ünvanlayıb. Qurumdan verilən açıqlamada bildirilib ki, vətəndaş tətbiqdə “Əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş parklanma məntəqələri” rejimini aktivləşdirdiyi üçün ümumi istifadə üçün nəzərdə tutulan 10042 nömrəli parklanma məntəqəsi axtarış nəticələrində görünməyib.
Qeyd olunub ki, tətbiqin işləmə prinsipinə əsasən, xüsusi rejim aktiv olduqda xəritədə yalnız əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri əks olunur. Ümumi istifadə üçün nəzərdə tutulan məntəqələr isə standart rejimdə görünür və istifadəyə açıq olur.
Beləliklə, qurumun açıqlamasına görə, yaranmış vəziyyət texniki nasazlıqdan deyil, tətbiqdə xüsusi filtr rejiminin aktiv edilməsindən qaynaqlanıb. Standart rejimə keçid edildikdə isə 10042 nömrəli parklanma məntəqəsi istifadəçilər üçün görünür və əlçatan olur.






