İddia: Qoşa Qala restoranında köhnə kabab və yaşıl milçəklər müştəri narazılığına səbəb olub - VİDEO
Patrul.az xəbər verir ki, videobloger Günel Əliyeva Mərdəkan qəsəbəsində yerləşən Qoşa Qala restoranında yaşadığı xoşagəlməz təcrübə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, sifariş etdiyi kabablar təzə olmayıb və qızdırılmış şəkildə təqdim edilib. Bundan əlavə, restoranda yaşıl milçəklərin olması da narazılığına səbəb olub.
Günel Əliyeva bildirib ki, məsələ ilə bağlı restoran əməkdaşlarına müraciət etsə də, problemin həlli istiqamətində hər hansı konkret addım atılmayıb. O, məkanda uzun müddət qalmadığını, yeməyi yarımçıq qoyaraq oranı tərk etdiyini və hesab üçün 160 manat ödədiyini qeyd edib.
Videobloger vurğulayıb ki, illərdir üz tutduğu məkanın əvvəlki keyfiyyətini itirdiyini düşünür və bir daha həmin restorana getmək niyyətində deyil.
“İllərdir getdiyim Qoşa Qala restoranında bu dəfə ciddi məyusluq yaşadım. Kabablar təzə deyildi, qızdırılmış şəkildə təqdim olunmuşdu. Üstəlik, restoranda yaşıl milçəklər var idi. Narazılığımızı bildirsək də, nə üzr istənildi, nə də problem aradan qaldırıldı. Təəssüf ki, bu təcrübədən sonra həmin məkana yenidən getməyi düşünmürəm”, – deyə o bildirib.






