media-img_7973

Patrul.az-ın qaynar xəttinə daxil olan müraciətdə vətəndaş “Baku Electronics” mağazasından aldığı simsiz qulaqcıqla bağlı yaşadığı problemlərdən şikayət edir.

Şikayətçinin sözlərinə görə, o, mayın 3-də “Samsung Buds Pro” qulaqcığını satın alıb. Məhsuldan təxminən iki həftə istifadə etdikdən sonra qulaqcıqda müxtəlif nasazlıqlar yaranıb. Belə ki, musiqi dinləyərkən səsdə tutulmalar müşahidə olunub, səsli komandalar gec qəbul edilib, zəng zamanı isə qarşı tərəfə səs ötürülməsində problemlər yaşanıb.

Vətəndaş bildirib ki, yaranmış nasazlıqlarla əlaqədar zəmanət talonu əsasında “Baku Service”ə müraciət edib. Onun sözlərinə görə, məhsul bir neçə gün servisdə saxlanıldıqdan sonra hər hansı problem aşkarlanmadığı bildirilib və qulaqcıq geri qaytarılıb.

Lakin şikayətçi iddia edir ki, məhsulu yenidən istifadə etdikdən sonra eyni problemlər təkrar ortaya çıxıb. O, bununla bağlı yenidən servisə müraciət etdiyini, hətta nasazlığı əməkdaşların yanında nümayiş etdirdiyini desə də, müraciətinə müsbət cavab verilmədiyini bildirir.

Vətəndaşın sözlərinə görə, məhsul sonradan yenidən servisdə saxlanılsa da, qüsurun mövcudluğu qəbul edilməyib və onun dəyişdirilməsi və ya geri qaytarılması təmin olunmayıb.

Məsələ ilə bağlı vətəndaş aidiyyəti qurumlardan kömək gözlədiyini bildirərək sual edir: “Əgər mənə qüsurlu məhsul satılıbsa, bunun maddi zərərini niyə mən çəkməliyəm?”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Bənzər xəbərlər