media-inshot_20260306_185030395

Məlumdur ki, İranın Naxçıvana zərbələrindən sonra Bakı-Tehran münasibətlərində gərgin vəziyyət hökm sürür. Bu hadisə ilə bağlı İranın Baş Qərargahı təxribatın araşdırılacağını bildirsə də, əsas fiqurdan səs çıxmadı.

Söhbət dəfələrlə çıxışlarında azərbaycanca şeirlər deyən, hətta Bakıda Azərbaycan-İran Biznes Forumunda dahi şairimiz Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirindən “Bir görəydim ayrılığı kim saldı” misrasını səsləndirən və İlham Əliyevlə birlikdə alqışlanan türk əsilli İran Prezidenti Məsud Pezeşkiandan gedir. Dəfələrlə türk olduğundan qürur duyduğunu deyən Pezeşkian niyə indi ölkəsinin qonşusuna endirdiyi zərbələrə səssiz qalıb?

Bu barədə Patrul.az-a siyasi şərhçi, jurnalist Elnur Ənvəroğlu öz fikrini bölüşüb.

O bildirib ki, İranın Naxçıvana zərbəsi həm güc nümayişi cəhdi, həm də İran daxilində yaşayan güneyli azərbaycanlıların artan təzyiqini ört-basdır etmək məqsədi daşıya bilər:

“Dünən ölkə rəhbəri də qeyd etdiyi kimi, Azərbaycan İranla dostluq və əməkdaşlıq münasibətlərini qoruyub saxlayır. Buna baxmayaraq, Naxçıvana dron zərbəsi bir neçə faktora əsaslana bilər. İlkin olaraq belə qənaətə gəlirəm ki, İran Türkiyə və ABŞ-İsrail arasında gərginlik fonunda neytral ölkələr üzərində “güc nümayişi” apararaq öz mövqeyini gücləndirməyə çalışır. Naxçıvanın strateji əhəmiyyəti böyükdür: həm Türkiyə ilə sərhəd, həm də bölgədəki tranzit yolları baxımından.

Bundan əlavə, İranda 30-40 milyon etnik azərbaycanlı yaşayır və mənim subyektiv fikrimə görə, rejim bu əhalinin artan narazılığı və sosial etiraz potensialını nəzərə alaraq bəzən xarici siyasətdə təxribat xarakterli addımlar atır ki, diqqəti daxildən yayındırsın. Əslində versiyalar çoxdur, amma ən mümkün olanlar fikrimcə bunlar ola bilər.

Bir də unutmayaq ki, Azərbaycanla İran hər zaman diplomatik münasibətlərdə həssas xətt üzərində dayanıb. Bu xətti qoruyan, lakin tez-tez zərər görən tərəf isə Azərbaycan olub”.

media-inshot_20260306_184922268

Siyasi şərhçi türk əsilli İran Prezidenti Məsud Pezeşkianın bu hadisə ilə bağlı susqunluğuna da aydınlıq gətirib:

“Pezeşkianın türklüyü və milli təəssübkeşliyi ilə bağlı məsələyə gəlincə, mən bunu bir qədər diplomatiya prizmasından izah edərdim. Burada daxili siyasi təzyiqləri xüsusilə nəzərə almaq lazımdır. İranın milli təhlükəsizlik siyasəti və mühafizəkar hakimiyyət qarşısında açıq reaksiya vermək, xüsusilə indiki vəziyyətdə təhlükəli ola bilər. Amma ən azından Pezeşkianın siyasi mövqeyinə baxsaq, demək olar ki, o, Azərbaycanla münasibətləri pozmamaq və regional balansı sarsıtmamaq üçün ehtiyatlı mövqe saxlayır.

Bir məqamı da xatırladım ki, İranda milli kimliyindən asılı olmayaraq kim hakimiyyətə gəlsə də, onun əsas vəzifəsi İranın milli maraqlarına sadiq qalmaqdır. Tarixdən bir misal çəkim: Şah İsmayıl Xətai Gülüstan qalasını mühasirədə saxladığı vaxt Ağqoyunlular İranda üsyan qaldıraraq taxtı ələ keçirmək istəyirdilər. Həmin vaxt Xətainin qoşunu qalanın mühasirəsini davam etdirir və onun alınmasını tələb edirdi. Bu zaman Xətai qoşunlarına belə müraciət edir: “Sizə Gülüstan qalası lazımdır, yoxsa İran taxtı?” Bu misalı ona görə çəkdim ki, İran taxtı və dövlətin əsas ehkamları milliyyətindən asılı olmayaraq hakimiyyətə gələn hər kəs üçün prioritet sayılır. Pezeşkianın da türk olduğu halda belə mövqe tutması, məncə, normaldır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər