Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan sərgi açıldı - FOTOLAR
İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərginin açılışı keçirilib.
Patrul.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə dəstəyi ilə ərsəyə gələn sərgi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya elminin inkişaf yolunu təqdim edir.
Açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Birinci Türkoloji Qurultayın Türk dünyasının elm, dil və mədəniyyət tarixində xüsusi rolunu vurğulayıblar.
Sərgidə Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fondlarından nadir sənədlər, qurultayın rəsmi materialları, dövri mətbuat nümunələri, fotoşəkillər və digər qiymətli tarixi eksponatlar nümayiş olunur.
Ekspozisiya XIX–XX əsrlərdə əlifba islahatları, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, Birinci Türkoloji Qurultay, 1937–1938-ci illər repressiyaları və müstəqillik dövründə Türk dünyasının inteqrasiyası kimi mövzuları əhatə edir.







