media-inshot_20251217_161132736

Xəbər verdiyimiz kimi, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yeni avtobus dayanacağının çökəklik ərazidə quraşdırılması vətəndaşların narazılığa səbəb olub.

Patrul.az yağışdan sonra su ilə dolaraq istifadəsiz hala düşən, 165 nömrəli avtobus dayanacağının qarşısında quraşdırılan sözügedən dayanacaqla bağlı tədbir görülməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq AYNA bildirib ki, sözügedən dayanacaq pavilyonu onlar tərəfindən mövcud standartlara uyğun şəkildə quraşdırılıb. Qurumun açıqlamasına görə, problem dayanacaqda deyil, asfalt örtüyündə mövcud olan çöküntülərlə bağlıdır və səki ilə əlaqədar məsələlər AYNA-nın səlahiyyətlərinə aid deyil:

“Qeyd olunan dayanacaq pavilyonu AYNA tərəfindən A.M.Şərifzadə küçəsi ilə İsfəndiyar Zülalov küçələrinin kəsişməsində, AZS954-2024 Standartının tələblərinə uyğun olaraq quraşdırlıb. Standartın 4.1.15 yarımbəndinin tələbində “Avtobus dayanacaq məntəqələrində bordürün hündürlüyü 14-18 sm olmalıdır” qeyd olunub. Həmin ərazidə səkinin hündürlüyü standartın tələblərinə uyğun olaraq 18 sm təşkil edir. Səkidə yağış sularının yığılmasının səbəbi su axıntısı üçün mailliyin düzgün təşkil olunmaması və səkinin asfalt örtüyündə olan çöküntülərlə bağlıdır.

Bildiririk ki, səkilərin təmiri və təşkili AYNA-nın səlahiyyətləri xaricində olduğundan qeyd olunan məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunması tövsiyə olunur”.

Qeyd edək ki, redaksiyamız Abbas Mirzə Şərifzadə küçəsi ilə İsfəndiyar Zülalov küçələrinin kəsişməsində quraşdırılan avtobus dayanacağı ərazisində çuxurlarla örtülmüş asfaltın bərpası məqsədilə aidiyyəti qurumlara müraciət edəcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər