"Hörmüz bağlanarsa, dünya böhranla üzləşəcək!" - Tehranın son kozırı qlobal iqtisadiyyatı sarsıda bilər
Yaxın Şərqdə davam edən gərginlik fonunda Hörmüz boğazının bağlanması ehtimalı müzakirə olunur. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, əgər bu boğaz bağlanarsa, Amerika İranı 20 dəfə daha güclü zərbə ilə cavablandıracaq.
Hörmüz boğazının əhəmiyyəti və onun bağlanacağı təqdirdə regionda hansı nəticələrin yarana biləcəyi barədə Patrul.az-a politoloq Əli Mustafa fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Hörmüz boğazı bir çox ölkələrin neftini dünya bazarına çıxarmağa imkan verdiyi üçün onun bağlanması neftin bahalaşmasına səbəb olur:
“Hörmüz boğazının bağlanması həm dünya, həm qlobal neft bazarı, həm də bölgə dövlətləri üçün olduqca arzuolunmaz nəticələr yaradır. Artıq körfəz ölkələrinin bəzilərində ərzaq və su problemləri ortaya çıxıb. Eyni zamanda bu körfəz ölkələri öz neftini də sata bilmirlər. O cümlədən İranın özü də bu problemlərlə üzləşir.
Bundan başqa, dünyada neftin qiymətinin bahalaşması qlobal birjalarda arzuolunmayan vəziyyət yaradır. Əksər ölkələrdə, o cümlədən Amerikada benzinin bahalaşması təbii olaraq sosial gərginliyə və ictimai narazılığa səbəb olur”.
Politoloqun sözlərinə görə, bu bölgəyə nəzarət edən İran müharibəni dayandırmaq məqsədilə boğazın bağlanmasından təzyiq aləti kimi istifadə etməyə çalışır:
“Ümumilikdə dünya neftinin təxminən 20-25 faizi bu marşrut vasitəsilə daşınır. Nəticədə Hörmüz boğazının bağlanması həm iqtisadi, həm siyasi, həm də geosiyasi və hərbi baxımdan arzuolunmayan nəticələr yaradır. Buna görə də Trampın bu cür bəyanatları əslində İranı Hörmüz boğazını bağlamaq fikrindən çəkindirməyə yönəlib.
Amma əsas məsələ ondan ibarətdir ki, İran bu məsələdə hələlik müstəqil aktor kimi davransa da, müəyyən mənada Rusiya və Çinin dəstəyini arxasında hiss edərək daha özgüvənli davranır. İran hesab edir ki, Hörmüz boğazını bağlamaqla ABŞ və İsrailə təzyiq göstərə və onları dayandırmağa nail ola bilər.
Təbii ki, bu addım körfəz ölkələrinin iqtisadi maraqlarına da ciddi zərər vurur. Məhz buna görə bu məsələ təzyiq aləti kimi istifadə olunaraq qarşı tərəfi müharibəni dayandırmağa məcbur etməyə yönəlib”.

Ə. Mustafa bildirib ki, ABŞ imkan əldə etsə, bu strateji boğaza nəzarəti də ələ keçirmək istəyər:
“Bütün hallarda Hörmüz boğazı son dərəcə strateji əhəmiyyətə malik bölgədir. Demək olar ki, bu ərazi dünya iqtisadiyyatının ritminə birbaşa təsir edən əsas nöqtələrdən biridir. Buna görə də onun siyasi proseslərə təsir imkanları da böyükdür. ABŞ-nin imkanı olsaydı, Hörmüz boğazını da nəzarətə götürməyə çalışardı. Lakin hazırda boğaza İran nəzarət etdiyi üçün bu mümkün deyil. Bir sözlə, Hörmüz boğazının açıq qalması təkcə ABŞ üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıyır”.
Gülbəniz Səfərova






