Bu dezodorantlar sağlamlığınızı məhv edir – XƏBƏRDARLIQ
Mütəxəssislər şəxsi qulluq vasitələrinin tərkibindəki bəzi maddələrə getdikcə daha çox diqqət yetirirlər. Xüsusilə alüminium duzları olan antiperspirantlar ciddi narahatlıqlar doğurur.
Patrulaz.az “Cursorinfo”ya istinadən xəbər verir ki, bu maddələr tərləməni effektiv şəkildə azaltsa da, bəzi tədqiqatlar onların sağlamlıq üçün potensial risklər daşıdığını göstərir.
Alüminium bədənə necə daxil olur?
Alüminium tərkibli antiperspirantlar tər vəzilərinin çıxışını gelə bənzər tıxaclarla bloklayaraq tərləmənin qarşısını alır. İstehsalçılar bu maddənin dəri vasitəsilə cüzi miqdarda udulduğunu iddia etsələr də, uzunmüddətli istifadə nəticəsində alüminiumun bədəndə yığıla biləcəyi ehtimal edilir.
Alüminiumun yaratdığı mümkün risklər:
Onkoloji risklər:
Alimlər alüminiumun döş xərçəngi ilə əlaqəli ola biləcəyini istisna etmirlər. Araşdırmalarda bəzi xərçəng xəstələrinin döş toxumasında alüminium izlərinə rast gəlinib. Hərçənd bu əlaqəni birbaşa təsdiqləyən qəti sübutlar yoxdur, amma alüminiumun hormonal balansı poza və uzunmüddətli yığıldıqda kanserogen təsir göstərə biləcəyi ehtimal edilir.
Alzheimer xəstəliyi:
Alüminiumun beyin funksiyalarına təsiri də tədqiqatçılar üçün maraq doğurur. Bəzi araşdırmalar Alzheimer xəstələrinin beynində alüminiumun yüksək miqdarda olduğunu göstərib. Lakin hələlik bu amilin birbaşa səbəb olub-olmadığı tam sübuta yetirilməyib.
Böyrək problemləri:
Alüminium bədəndən əsasən böyrəklər vasitəsilə xaric olur. Xüsusilə böyrək çatışmazlığı olan şəxslər üçün bu, ciddi fəsadlara səbəb ola bilər – sinir sistemi zədələnməsi və sümük toxumasının zəifləməsi kimi. Sağlam insanlar üçün də artıq alüminium yüklənməsi böyrəklərə əlavə yük yarada bilər.
Dəri reaksiyaları və allergiya:
Xüsusən həssas dərili insanlar üçün alüminium tərkibli məhsullar qızartı, qaşınma və diskomfort yarada bilər – xüsusilə də təraşdan dərhal sonra istifadə edildikdə
Dezodorantlardakı digər potensial riskli maddələr:
– Parabenlər: Konservant rolunu oynayır, lakin estrogeni təqlid edə biləcəyi üçün hormonal balansı poza və xərçəng riski yarada bilər. Bu barədə elmi fikir ayrılığı davam edir.
– Triklosan: Antibakterial xüsusiyyətə malikdir, lakin hormonal sistemə təsir edə və bakteriyaların antibiotiklərə qarşı müqavimətini artıra bilər. Bir çox ölkədə istifadəsi məhdudlaşdırılıb.
– Ftalatlar: Ətrin qalıcı olması üçün istifadə olunur. Reproduktiv sistemə və hormonlara mənfi təsir göstərə biləcəyi ehtimal olunur.
– Propilen qlikol: Dərinin nəmləndirilməsi üçün əlavə olunur, amma bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.
– Süni ətirlər: “Ətirlər” adı altında müxtəlif kimyəvi maddələr gizlənə bilər və bunlar bəzən allergiyalara və dəri qıcıqlanmasına yol açır.
Daha təhlükəsiz variant necə seçilməlidir?
Əgər bu riskləri azaltmaq istəyirsinizsə, alüminiumsuz, parabensiz, triklosansız və ftalatsız məhsullara üstünlük verin. Təbii tərkibli dezodorantlar (bitki ekstraktları, mineral duzlar, efir yağları və soda əsaslı məhsullar) həm dərinizə zərər vermir, həm də qoxunun qarşısını effektiv şəkildə alır. Onlar tərləmə prosesini bloklamadan, xoşagəlməz qoxuya qarşı yumşaq və təhlükəsiz qoruma təmin edirlər.
Ləman Sərraf