media-inshot_20260513_181617516

Şəmkir şəhəri, Həzi Aslanov küçəsində piyada səkilərində ucalan iriölçülü ağaclar hərəkət intensivliyini tamamilə məhdudlaşdırıb.

Nəticədə, piyadalar təhlükəsizlik qaydalarını pozaraq məcburi şəkildə avtomobil yolunun kənarı ilə hərəkət edirlər.

Patrul.az-ın məlumatına görə, ərazidəki infrastruktur problemləri bununla bitmir.

Sözügedən ünvanda yerləşdirilən məişət tullantıları konteynerləri səkinin pilləkən hissəsinin önünü kəsərək keçidi tamamilə bağlayıb. Bu səbəbdən vətəndaşlar, xüsusilə də azyaşlı məktəblilər və yaşlı sakinlər nəqliyyat vasitələrinin hərəkət zolağına çıxmaq məcburiyyətində qalırlar.

Mövcud vəziyyət həm piyadalar, həm də sürücülər üçün birbaşa qəza və ölüm təhlükəsi yaradır. Problem gecə saatlarında, görmə məsafəsinin məhdudlaşdığı vaxtlarda daha da kritik hal alır.

Bundan başqa, səkini yoldan ayıran beton plitələr sındırılaraq yol kənarındakı su kanalının içinə və ətrafına tökülmüş vəziyyətdədir.

Sakinlər səkiyə keçidi zəbt edən konteynerlərin yerinin dəyişdirilməsi və qəza riskinin aradan qaldırılması tələbi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə rəsmi müraciət də ünvanlayıblar.

Qurumun Memarlıq və tikinti məsələləri sektorunun müdiri İlqar Quliyevin imzası ilə vətəndaşa göndərilən rəsmi cavab məktubunda məsələnin nəzarətə götürüldüyü qeyd olunub. Lakin sənəddə problemin yalnız “məişət tullantıları konteynerlərinin yerləşdirilməsi üçün müvafiq ərazi təyin edildikdən sonra” həllini tapacağı bildirilib.

Vətəndaşların iddiasına görə, rəsmi cavabda məsələnin icraya götürüldüyü qeyd edilsə də, reallıqda hələ də heç bir praktiki tədbir görülməyib və aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilməyib.

Sakinlər mümkün bədbəxt hadisələrin qarşısının alınması məqsədilə aidiyyəti dövlət strukturlarından məsələyə təcili müdaxilə etməsini və problemin qısa zamanda operativ həllini xahiş edirlər.

media-img-20260513-wa0021-1

Gülbəniz Səfərova


Bənzər xəbərlər