“Hantavirus” qardaş ölkədən Azərbaycana keçə bilərmi? - AÇIQLAMA
Koronavirusdan sonra dünyanı narahat edən daha bir xəstəlik – “Hantavirus” yayılıb. Xəstəlik 2026-cı il mayın 2-dən etibarən Argentinada göyərtəsində 147 sərnişinin olduğu kruiz gəmisində yayılmağa başlayıb. Yoluxma nəticəsində 3 nəfər ölüb. Lakin virus ilk dəfə Koreya müharibəsi zamanı geniş şəkildə müşahidə olunub və regionun digər hissələrində, o cümlədən Çində də qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə virusla bağlı araşdırmalara başlayıb. Bildirilib ki, virus gəmiricilərin ifrazatları sidik, tüpürcək və nəcis ilə təmas zamanı insanlara keçir. Lakin bəzi məlumatlara görə, “Hantavirus” insandan insana da keçə bilir.
ÜST gəmidən öz ölkələrinə qayıdan sərnişinlərlə bağlı 12 ölkəyə (Türkiyə, Kanada, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, İsveç, İsveçrə, Böyük Britaniya, ABŞ və Sent-Kits və Nevis) xəbərdarlıq edib. Hazırda isə Çin, Cənubi Koreya, ABŞ, Argentina, Çili, Braziliya, Boliviya, Paraqvay, Panama, Uruqvay, Finlandiya, Almaniya, Fransa və Rusiyada “Hantavirus” halları aşkarlanıb.
Bu xəstəlik qardaş ölkədən Azərbaycana da yayıla bilərmi?
Virusun yayılma yolları ilə bağlı Patrul.az-a infeksionist Mərdan Əliyev açıqlama verib. O, virusun insandan insana keçmə ehtimalını inkar edərək bildirib ki, xəstəlik əsasən gəmiricilər vasitəsilə yayılır:
“Hantavirus” insandan insana yoluxan xəstəlik deyil. Türkiyə vətəndaşı öz ölkəsinə qayıdıbsa, onun digər vətəndaşlara virusu ötürmə ehtimalı çox aşağıdır. Bu virus daha çox gəmiricilər – xüsusilə siçan və siçovullar, eləcə də onların ifrazatları vasitəsilə yayılır. İnsanlar həmin ifrazatlarla təmasda olduqda, xüsusən təmizlik zamanı havaya qalxan hissəciklər aerozol şəklində ağciyərlərə daxil olur və xəstəliyə səbəb olur”.

Yoluxmuş gəmidən Türkiyəyə qayıdan vətəndaşla bağlı danışan M. Əliyev bildirib ki, virusun Türkiyədə geniş yayılması və oradan Azərbaycana keçməsi ehtimalı azdır:
“Bu virusun sürətli yayılma xüsusiyyəti yoxdur. Buna görə də hadisənin geniş yoluxmaya səbəb olacağı gözlənilmir. Gəminin zirzəmisində siçanların çox olduğu bildirilir və sərnişinlərin onlarla təması nəticəsində yoluxma baş verib. Bu hadisədən sonra virusun Türkiyədə geniş yayılması və Azərbaycana keçməsi ehtimalı çox aşağıdır”.
Gülbəniz Səfərova






