30 iyun - Azərbaycanda Milli Sevgililər Günüdür
Dünyanın əksər ölkələrində Sevgililər Günü 14 fevralda qeyd olunsa da, Azərbaycanda bu günün fərqli və özünəməxsus tarixi var. Hər il 30 iyun ölkəmizdə Milli Sevgililər Günü kimi qeyd edilir. Bu tarix sevginin, sədaqətin və fədakarlığın rəmzinə çevrilmiş İlham və Fərizə Allahverdiyevlərin ailə qurduğu günlə bağlıdır.
Patrul.az xəbər verir ki, Azərbaycanda Milli Sevgililər Gününün 30 iyunda qeyd olunması İlham və Fərizə Allahverdiyevlərin 1989-cu il iyunun 30-da evlənməsi ilə əlaqədardır. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı İlham Allahverdiyev şəhid olub. Həyat yoldaşı Fərizə isə bu ağır itkiyə dözməyərək qısa müddət sonra vəfat edib. Onların faciəvi sevgi hekayəsi illərdir Azərbaycanda əbədi məhəbbətin və sədaqətin simvolu kimi yad edilir. Bu səbəbdən 30 iyun ölkəmizdə Milli Sevgililər Günü kimi qəbul olunur və qeyd edilir.
Bu gün bir çoxları üçün sevgi yalnız hiss deyil, həm də sədaqət, fədakarlıq və unudulmayan xatirələrin rəmzi kimi dəyərləndirilir.
Cəmilə Cəfərzadə






