“Bu forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal dialoqda artan rolunun bariz göstəricisidir” - Elnarə Akimova
2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur.
Bu mühüm tədbirin Bakıda təşkilinin ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, 17-22 may tarixlərində Bakının ev sahibliyi edəcəyi növbəti beynəlxalq tədbir -Ümumdünya Şəhərsalma Forumu qlobal düşüncənin, insan həyatının keyfiyyətinə verilən dəyərin və davamlı inkişaf ideyasının təntənəsidir:
“Müasir dövrdə şəhərlər artıq ideyaların toqquşduğu, texnologiyanın insan taleyi ilə vəhdət təşkil etdiyi canlı orqanizmlərdir. Belə bir forumun Bakıda keçirilməsi isə Azərbaycanın qlobal dialoqda artan rolunun bariz göstəricisidir.
Bu gün dünya şəhərləri ciddi çağırışlarla üz-üzədir: sürətli urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərsizlik və infrastrukturun yüklənməsi. Məhz bu səbəbdən şəhərsalma artıq yalnız memarlıq məsələsi deyil – bu, sosial ədalət, iqtisadi dayanıqlıq və ekoloji məsuliyyət məsələsidir. Məsələn, Sinqapurun ağıllı şəhər konsepsiyası texnologiyanın insan rifahına xidmət edə biləcəyini göstərir. Kopenhagendə velosiped mədəniyyətinin inkişafı şəhər həyatının necə sağlam və ekoloji ola biləcəyini sübut edir. Barselonanın “superblok” modeli isə şəhər məkanının insanlara qaytarılmasının uğurlu nümunəsidir. Bu kimi təcrübələr göstərir ki, düzgün planlaşdırma şəhərin ruhunu dəyişə bilər”.
Millət vəkili xatırladıb ki, Bakı son illərdə sürətlə inkişaf edən şəhərlər sırasındadır:
“Tarixi irslə müasirliyin harmoniyası, genişlənən nəqliyyat infrastrukturu, yeni ictimai məkanlar – bütün bunlar şəhərin gələcəyə açılan qapılarıdır. Ümumdünya Şəhərsalma Forumunun məhz burada keçirilməsi təsadüfi deyil; bu, Azərbaycanın urban inkişaf sahəsində qazandığı təcrübənin və ambisiyaların beynəlxalq səviyyədə tanınmasıdır.
Prezident İlham Əliyev də bu məsələyə xüsusi önəm verərək qeyd edib ki, bu forum Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkənin qlobal təşəbbüslərdə fəal iştirakının göstəricisidir. Onun fikirlərinə görə, şəhərsalma siyasəti yalnız bugünü deyil, gələcək nəsillərin həyatını müəyyən edən strateji istiqamətdir və bu sahədə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır.
Əslində, mən deyərdim ki, bu forum bir növ gələcəyin xəritəsinin cızıldığı platformadır. Burada qəbul edilən ideyalar sabahın şəhərlərinin konturlarını müəyyən edəcək. Bu, yalnız memarların, urbanistlərin və siyasətçilərin deyil, hər bir vətəndaşın həyatına təsir edən qərarların müzakirə olunduğu məkandır”.

“Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsi isə həm də bir mesajdır: Azərbaycan yalnız enerji və coğrafi mövqeyi ilə deyil, həm də intellektual və urban inkişaf baxımından qlobal mərkəzə çevrilmək iddiasındadır. Bu iddia isə təkcə sözlə deyil, real layihələr, beynəlxalq əməkdaşlıq və belə mötəbər platformalarla təsdiqlənir”, – deyə o, sözlərini yekunlaşdırıb.
Ləman Sərraf






