"Bu görüşü təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası gözləyirdi" -DEPUTAT
“Dünənki Tacistakandakı görüş həqiqətən çox möhtəşəm bir görüş idi. Bu görüşü təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası gözləyirdi. Amma bu görüşün dövlət başçımızın qələbəsi ilə nəticələnməsinə heç bir şübhə yox idi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Nizami Cəfərov oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ölkələrin gücünü nəzərə alaraq, bu görüşdə də olduğu kimi həmişə düzgün və balanslı siyasət yürüdür:

“Azərbaycan həmişə böyük güclər və qüvvələr qarşısında məsuliyyət hiss edib. Çünki istər-istəməz dünyada gedən hadisələrə xüsusi təsir etmək gücü hələ də Rusiyada var. Amma Azərbaycan Prezidentinin gördüyü iş də haqq işidir, yəni bu işin qarşısını almaq mümkün deyil. Ona görə də Rusiya Prezidentinin İlham Əliyevdən az qala üzr istəyəcək bir səviyyədə olan münasibəti əlbəttə tamamilə təbiidir. Bu bir daha göstərdi ki, Azərbaycanın xarici siyasətində hər şey ölçülür, biçilir və bütün hallarda Azərbaycan xalqının, insanının şərəfi, mənafeyi, Azərbaycan dövlətçiliyinin müstəqilliyi gözlənilir və qorunur.
Bu da təbiidir ki, bizim Prezidentimizə, xalqımıza güc verir. Bunun nəticəsində bu görüşlərdə bizim həqiqətlərimizin üstünə kölgə salmaq mümkün olmur. Əlbəttə, burda Prezidentin düzgün apardığı siyasətlə bağlı təmkin də, iradəsi də var. Çünki siyasət aparmaq sadəcə onu düzgün aparmaqla bitmir; orada çoxlu psixoloji hallar var, dövrün, tarixin, münasibətlərin kontekstu var. Onları açmaqda bizim Prezidentimiz fövqəladə bir qabiliyyət göstərir və onun nəticəsini biz Tacistakanda gördük”.
Cəmilə Cəfərzadə






