media-inshot_20260220_121526068

2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi hələ də öz həllini tapmayıb. Tərəflər arasında üçüncü ölkələrin vasitəçiliyi ilə hər iki tərəfin rəsmi nümayəndələri bir araya gətirilsə də, Vladimir Putin və Volodimir Zelenskini bir masa arxasında oturtmaq üçün səylər davam edir. Davamlı olaraq hər iki lider bir-birini öz ölkəsində görüşə dəvət etsə də, ortaq məxrəcə gəlinmir.

ABŞ administrasiyası və Prezident Donald Tramp da Moskva ilə Kiyev arasında sülhün əldə olunmasına çalışır. Bu istiqamətdə fevralın 17-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar keçirilib. Görüşdə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski, ABŞ nümayəndə heyətində Prezidentin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Jared Kuşner, Ukrayna nümayəndə heyətində isə müdafiə naziri Rustem Umerov və digər şəxslər iştirak ediblər.

Qapalı qapılar arxasında keçirilən bu görüşdə Ukrayna nümayəndə heyəti ABŞ-nin rəhbərlik etdiyi mümkün sazişlə bağlı mövqelərdə fikir ayrılığı yaşayıb. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasında yer alan Kirilo Budanov sülh müqaviləsinin tərəfdarıdır. Digər qrupun isə Prezident Aparatının rəhbəri Andriy Yermakın təsiri altında daha sərt mövqe tutduğu bildirilir.

Maraqlıdır ki, Ukrayna tərəfində sülhlə bağlı niyə fikir ayrılığı yaranıb? Halbuki həm Zelenski, həm də Putin və onun rəsmiləri verdikləri açıqlamalarda hər iki tərəfin sülh istədiyini bildirirlər. Bəs sülhün əldə olunmamasına səbəb nədir?

Bu barədə Patrul.az-a politoloq Tofiq Abbasov fikirlərini bölüşüb. Onun sözlərinə görə, müharibəni uzadan əsas səbəb Rusiyanı zəiflətmək istəyən Qərbin Ukrayna üzərində təzyiqidir.

“Bu danışıqlara təsadüf edən atmosfer, abu-hava həddən artıq təzadlı və aqressivdir. Tərəflər bir-birini inkar edən münasibətdədirlər. Ona görə də burada üçüncü tərəflərin, o cümlədən ABŞ-nin səyləri özünü göstərir. Onlar nəyin bahasına olursa-olsun sülh prosesini irəli aparmaq istəyirlər. Ancaq mövqelərdə elə bir parçalanma var ki, bu təzadlı vəziyyət tərəflərin danışmasına imkan vermir.

Burada Avropanın da xüsusi rolu var. Avropa müharibəni maksimal dərəcədə uzatmağa çalışır. Çünki onlara lazım olan Rusiyanın zəifləməsidir. Lakin ABŞ Prezidenti Donald Tramp tərəfləri barışdırmaq istəyir. O, dünyada üç mərkəzin – Vaşinqtonun, Moskvanın və Pekinin hökmranlığını görür və özünü sülhpərvər kimi göstərməyə çalışır. Ancaq inanmıram ki, Rusiya Vaşinqtonun sözü ilə hərəkət etsin.

Düşünürəm ki, Avropanın da burada çox təhrikedici rolu var. Onlar Rusiyanı zəiflədərək onunla müharibəyə hazırlaşırlar. Əslində, bu proses Rusiya ilə Qərbi Avropanın Ukrayna torpağında qarşıdurmasıdır”.

media-inshot_20260220_120745532

Politoloqun sözlərinə görə, tərəflər arasında sülh məqsədilə irəli sürülən tələblər ziddiyyətli olduğu üçün ortaq məxrəcə gəlinmir:

“Qarşılıqlı tələblər bir-birini inkar edir. Bu isə müharibəyə yol açan əsas amillərdəndir. Ona görə hesab edirəm ki, Rusiya–Ukrayna münaqişəsinə son qoymaq üçün aparılan bu danışıqlardan müsbət nəticə gözləmirəm. Bəhanələr çoxdur, tələblər isə uzlaşmır. Buna görə də ciddi bir nəticənin əldə olunacağına ümid yoxdur”.

T. Abbasovun fikrincə, Rusiya–Ukrayna məsələsinə ABŞ və İran arasındakı gərginliklər də təsir göstərir:

“Digər tərəfdən, ABŞ-İran qarşıdurması da bu prosesi kəskinləşdirir. Faktiki olaraq Avrasiya məkanında böyük müharibəyə aparan bir yol açılır. Əgər hər iki istiqamətdə gərginlik pik həddə çatsa və toqquşma baş versə, böyük dünya müharibəsi təhlükəsi yarana bilər.

Yeni nizamın formalaşması çox vaxt böyük müharibələrlə bağlı olur. Toqquşmalar zamanı sərhədlər, pay bölgüsü, istiqamətlər və trendlər dəyişir. Bu prosesdə görürük ki, bəzi qüvvələr onun daha da dərinləşməsi üçün addımlar atırlar”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər