"Bu ölkə də müharibəyə qoşularsa, əsl Dünya müharibəsi başlayacaq" - ŞƏRH
28 fevral tarixindən ABŞ və İsrailin İrana birgə başlatdığı hərbi əməliyyatlar İranın Vaşinqton və Təl-Əvivə məxsus Körfəz ölkələrindəki hərbi obyektlərə zərbələr endirməsi ilə daha da şiddətlənib. ABŞ və İsrail qüvvələri İranın əks-hücumları davam edərkən Tehran, Həmədan və İsfahan da daxil olmaqla şəhərlərə zərbələr endirir.
Döyüşlərin miqyası təkcə İran və İsraillə məhdudlaşmır; Livan, Səudiyyə Ərəbistanı, Oman və Küveyt kimi ölkələrdə də gərginliyin artdığı müşahidə olunur. İsrail İranın paytaxtı Tehranda yanacaq anbarlarına da zərbələr endirir.
ABŞ Prezidenti Donald Tramp isə bütün bu hadisələrin fonunda Tehranın Vaşinqtonla danışıqlar aparmaq istədiyini bildirib. Müharibənin ortasında isə bir çox ölkələrin enerji, neft və digər məhsullarının keçidini təmin edən Hörmüz boğazı əsas problem olaraq qalır. İranın əks-hücum olaraq Körfəz ölkələrinə zərbələri isə davam edir. Bəs bu müharibə nə vaxta qədər davam edə bilər? Tərəflər arasındakı gərginlik Üçüncü Dünya müharibəsinin başlanmasına yol aça bilərmi?
Bu barədə Patrul.az-a politoloq Elşad Həsənov öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, İranın zərbələr endirdiyi Körfəz ölkələri müharibəyə qoşularsa, dünya müharibəsi başlaya bilər:
“ABŞ-İsrail-İran müharibəsi getdikcə daha da qızışır və Körfəz ölkələrinə də ciddi ziyan dəyir. İsrail və ABŞ-nin İrana vurduğu raket zərbələri böyük dağıntılara səbəb olub.
Dünya mediasında İranın Minab şəhərindəki ibtidai sinif qızlar məktəbinə endirilən zərbə nəticəsində 170 nəfərin həlak olması müzakirə olunur. Buna görə də ABŞ ciddi tənqid atəşinə tutulur. Bildirilir ki, onlar məhz bu hadisədə hərbi cinayət törətdiklərinə görə məsuliyyət daşıyırlar.
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin və digər yüksək rütbəli hərbi heyətin öldürülməsindən sonra İranın Ekspertlər Şurası Xameninin oğlu Müctəba Xameneini yeni ali dini lider seçdi. Onun çıxışından bir neçə gün sonra ailə üzvlərinin qanına qan almaq məqsədilə Körfəz ölkələrindən ABŞ-yə məxsus hərbi bazaların bağlanmasını tələb etdi və bildirdi ki, bunun qarşılığında həmin ölkələrlə normal münasibətlər saxlayacaqlar. O, hətta qeyd etdi ki, həmin bölgələrdən İrana zərbələr endirilərsə, onlar da sözügedən ölkələrə zərbələrini davam etdirəcəklər. Yəni Müctəbanın çıxışı müəyyən mənada məntiqli görünür”.

Politoloqun fikrincə, İranın qonşuluğundakı Türkiyə kimi ölkələrə zərbələr endirməsi əslində onları da müharibəyə qoşmaq məqsədi güdür:
“Son günlərdə daha çox Körfəz ölkələri vurulur, Dubayda da su anbarları hədəfə alınıb. İran tərəfindən Türkiyəyə atılan üçüncü ballistik raket də havada zərərsizləşdirildi. Ancaq Türkiyəni də bu müharibəyə qatmaq istəyən qüvvələr öz niyyətlərindən geri çəkilmirlər. Bu isə vəziyyəti daha da gərginləşdirir. Ona görə hesab edirəm ki, müharibənin arealı genişlənsə də, hələlik onun dünya müharibəsinə çevrilməsinin açıq işartıları yoxdur. Belə davam edərsə, Körfəz ölkələri və Türkiyə kimi digər ölkələr də münaqişəyə qoşula bilər və Üçüncü Dünya müharibəsi qaçılmaz ola bilər”.
E. Həsənovun sözlərinə görə, İrana dəstək verən iki hegemon dövlətdən Rusiya və Çindən – xüsusilə Pekin müharibəyə qoşularsa, bu, əsl dünya müharibəsinin başlanmasına səbəb ola bilər:
“Düzdür, hazırda ABŞ və İsrail İrana qarşı müharibə aparırsa, gizli yollarla Çin və Rusiya Tehrana lazımi dəstəyi göstərirlər. Bunu gizlətmək də mümkün deyil. Çünki gələcəkdə əsas qarşıdurma ABŞ ilə Çin arasında olacaq. Ona görə də Tehran üzərindən Pekin də Vaşinqtonu zəiflətmək, onun daxilində problemlər yaratmaq istəyir. Bu nöqteyi-nəzərdən müharibə hələlik bu şəkildə davam edir. Ancaq fikrimcə vəziyyət daha da gərginləşərsə, İran müharibənin arealını genişləndirəcək və digər ölkələr də münaqişəyə qoşulacaq. Bu halda isə dünya müharibəsi başlaya bilər.
Lakin düşünürəm ki, bu ayın sonuna qədər müharibə ya səngiyəcək, ya da tam dayanacaq. Çünki ABŞ daxilində də İrana qarşı müharibənin başlanmasına görə ciddi narazılıqlar var və bu, böyük maliyyə itkilərinə səbəb olur. Buna görə hesab edirəm ki, mart ayının sonuna qədər ABŞ-İsrail-İran müharibəsi bitəcək”.
Gülbəniz Səfərova






