Bu ölkələr qoşularsa, Üçüncü Dünya Müharibəsi başlayacaq" - Sədrəddin Soltan
Fevral ayında İsrail və ABŞ-nin İrana qarşı genişmiqyaslı əməliyyatlar çərçivəsində hücumlar həyata keçirməyə başlaması Yaxın Şərqdə vəziyyəti gərginləşdirdi. Xüsusilə fevralın 28-də hər iki ölkənin birgə zərbələri nəticəsində Tehranda öz iqamətgahında İranın Ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi regionda vəziyyəti pik həddə çatdırdı.
Bundan sonra İran Xameneinin qisasını almaq məqsədilə ABŞ və İsrailə qarşı əks-hücum əməliyyatlarına başladı və ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirdi. İran ABŞ-nin İraqdakı hərbi obyektlərinə, Əbu-Dabi şəhərindəki Zayed Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ hədəflərinə, Qətərdəki Əl-Udeyd bazasına, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyi yaxınlığına, həmçinin Bəhreyndə ABŞ-ə məxsus bəzi mərkəzlərə zərbələr endirib. İran təkcə bu ölkələrə deyil, dünən qonşuluqda yerləşən Türkiyəyə, bu gün isə Naxçıvana zərbələr endirib.
İsrail tərəfdə isə Livan ona qarşı müharibəyə başlayıb.
Bu hadisələrin fonunda Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı fikirlər səsləndirilir.
Bəs bütün bunlar yeni dünya müharibəsinə yol aça bilərmi? Bununla bağlı Patrul.az-a politoloq Sədrəddin Soltan fikirlərini bölüşüb.
Politoloqun fikrincə, ABŞ-İsrail-İran müharibəsinə yalnız böyük güclər – Böyük Britaniya, Çin və Rusiya qoşularsa, bu qarşıdurma dünya müharibəsinə çevrilə bilər:
“ABŞ və İsrailin İrana hücumu heç bir halda Üçüncü Dünya Müharibəsinə çevrilməyəcək. Çünki Üçüncü Dünya Müharibəsi adətən dünya gücləri arasında baş verir. İndiki şəraitdə, tutaq ki, bir cəbhədə ABŞ, İsrail və Böyük Britaniya, qarşı tərəfdə isə İran, Çin və Rusiya olarsa, artıq bu dünya savaşı sayılar. Nə Rusiya, nə də Çin İrana görə ABŞ, İsrail və Böyük Britaniya ilə savaşa girməz. Bu dövlətlər sadəcə tərəflər arasında mövcud münasibətlərin dinc danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını bəyan ediblər”.

S.Soltanın sözlərinə görə, Rusiya İrana görə müharibəyə qoşulmaq niyyətində deyil və ona ciddi hərbi yardım da göstərmir:
“Rusiya İrana hava hücumundan müdafiə sistemlərini belə vaxtında çatdırmayıb. Tehran və Moskva arasında bağlanmış müqaviləyə görə Rusiya bu sistemləri İrana 2027–2029-cu illərdə üç mərhələdə təqdim edəcək. Çinin satdığı hava hücumundan müdafiə sistemləri isə ABŞ və İsrailin hava zərbələrinə davam gətirməyib və tez sıradan çıxıb. Bir sözlə, onlar İrana düzgün hava hücumundan müdafiə sistemi belə sata bilmirlər, qaldı ki, onun mənafeyi uğrunda döyüşsünlər. Odur ki, Üçüncü Dünya Müharibəsi haqqında səsləndirilən fikirlər absurddur. Belə müharibə baş verməyəcək”.
Həmsöhbətimiz bu müharibədə İsrail və İranın yerləşdiyi regionu nəzərə alaraq bildirir ki, qarşıdurma yalnız regional ölkələrin iştirak etdiyi Körfəz müharibəsinə çevrilə bilər:
“Bu yalnız Körfəz, yəni regional müharibəyə çevrilə bilər. Buraya Ərəb ölkələri, o cümlədən Körfəz Əməkdaşlıq Şurasına üzv olan dövlətlər – Qətər, Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya və Bəhreyn qoşularsa, Körfəz müharibəsi başlaya bilər. İndiki regional müharibə qlobal səviyyəli Üçüncü Dünya Müharibəsinə çevrilməyəcək”.
Gülbəniz Səfərova






