"Bu pul əsassız varlanmadır" - Vəkil bank kartına səhv köçürmələrlə bağlı DANIŞDI
Nağdsız ödənişlərin geniş yayılması ilə bəzən vətəndaşlar diqqətsizlik və ya texniki səhv səbəbindən pulu yanlışlıqla başqa şəxsin bank kartına köçürə bilirlər. Belə hallar həm maddi itki, həm də hüquqi qeyri‑müəyyənlik yaradır və insanların hansı addımları atmalı olduğu sualını gündəmə gətirir.
Səhvən başqa şəxsin kartına köçürülən pul geri qaytarıla bilərmi və bu halda vətəndaş hansı hüquqi addımları atmalıdır?
Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki,səhvən köçürülən pul geri qaytarıla bilər və vətəndaş dərhal bankla əlaqə saxlamalıdır:
“Səhvən başqa şəxsin bank kartına vəsait köçürülməsi elektron ödəniş alətlərinin gündəlik istifadəsinin artması fonunda tez-tez rast gəlinən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091–1095-ci maddələrinə əsasən, hər hansı hüquqi və ya müqavilə əsası olmadan digər şəxsin hesabına daxil olmuş pul əsassız varlanma hesab edilir. Bu o deməkdir ki, vəsaiti qəbul edən şəxs həmin pulu saxlamaq hüququna malik deyil və onu geri qaytarmaq öhdəliyi daşıyır. Praktik baxımdan, vətəndaş belə bir hal aşkar etdikdə ilk olaraq dərhal öz bankına müraciət etməli, səhv köçürmə faktını rəsmiləşdirməlidir. Bank isə öz növbəsində vəsaitin daxil olduğu kartın hansı banka məxsus olduğunu müəyyən edir və həmin bank vasitəsilə kart sahibinə səhv ödəniş barədə rəsmi bildiriş göndərir. Bank sirri tələblərinə görə alıcının şəxsi məlumatları açıqlanmasa da, əgər qarşı tərəf könüllü şəkildə razılıq verərsə, vəsait bank mexanizmləri vasitəsilə geri qaytarılır. Könüllü qaytarma baş vermədikdə isə hüquqi müdafiə vasitəsi kimi məhkəmə qaydasında iddia qaldırılması zəruri olur və bu mərhələdə bankdan müvafiq məlumatların təqdim edilməsi yalnız məhkəmə qərarı əsasında mümkündür”.

Vəkilin sözlərinə görə, beynəlxalq təcrübədə səhv köçürmələr əsassız varlanma sayılır və onların qarşısını almaq üçün texniki və hüquqi tədbirlər tətbiq edilir:
“Eyni yanaşma beynəlxalq hüquq və maliyyə praktikalarında da öz əksini tapır. Avropa İttifaqı ölkələrində, Böyük Britaniyada və digər inkişaf etmiş maliyyə sistemlərində səhv köçürülmüş vəsait “unjust enrichment” – yəni əsassız varlanma kimi qiymətləndirilir və bu cür vəsaitin geri qaytarılması hüquqi baxımdan məcburi sayılır. Beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı, Beynəlxalq Hesablaşmalar Bankı (BIS) və Avropa Mərkəzi Bankı banklara tövsiyə edirlər ki, bu tip hallarda mübahisələrin məhkəməyə çatdırılmadan həllinə üstünlük verilsin. Bu məqsədlə bir çox ölkələrdə səhv köçürülmüş məbləğlər müvəqqəti olaraq bloklanır və ya xüsusi depozit hesabında saxlanılır.
Profilaktik yanaşma baxımından beynəlxalq maliyyə standartları daha da ətraflı və izahlı mexanizmlər təklif edir. Visa, Mastercard və digər qlobal ödəniş sistemləri tərəfindən tətbiq olunan Luhn (MOD-10) alqoritmi kart nömrəsinin texniki cəhətdən düzgün olub-olmadığını yoxlayır və açıq-aşkar səhvlərin qarşısını alır. Lakin bu alqoritm kartın konkret olaraq hansı şəxsə məxsus olduğunu təsdiqləmir. Məhz buna görə beynəlxalq təcrübədə köçürmə zamanı alıcının ad və soyadının ilkin hərflərinin göstərilməsi, “name check” uyğunluq mexanizmlərinin tətbiqi, mərhələli təsdiq prosedurlarının yaradılması və yüksək məbləğli ödənişlərin hissələrə bölünməsi tövsiyə olunur. Bu tədbirlər istifadəçiyə əməliyyatı bir neçə dəfə yoxlamaq imkanı verir, səhv köçürmə riskini azaldır və banklarla istifadəçilər arasında risk və məsuliyyət balansını daha aydın və şəffaf şəkildə formalaşdırır”.
Cəmilə Cəfərzadə






