media-inshot_20250731_183730620

Zəif yaddaş, konsentrasiya pozuntusu, tez unutqanlıq… Son illərdə gənclərdən tutmuş yaşlılara qədər çoxları bu problemlərdən şikayət edir. Günümüzdə “beyin gücləndirən qidalar” mövzusu artıq sadəcə sağlamlıq jurnallarının deyil, elmi araşdırmaların da mərkəzindədir. Bəs doğrudanmı bəzi qidalar zehni açır və yaddaşı gücləndirə bilir? Yoxsa bu, marketinqin bizə sırıdığı bir mifdir?

Patrulaz.az-ın araşdırmasına görə, veynimiz bədənimizin ən çox enerji tələb edən orqanıdır. Ümumi enerji ehtiyacımızın təxminən 20%-ni təkbaşına sərf edir. Deməli, qidalanma ilə birbaşa əlaqəsi var. Araşdırmalar göstərir ki, omega-3 yağ turşuları, antioksidantlar, B vitaminləri və flavonoidlər beyin sağlamlığı üçün əsas rol oynayır.

Yabanı giləmeyvələr (mavi giləmeyvə, moruq, böyürtkən) – Flavonoidlər sayəsində beynin siqnal ötürmə qabiliyyətini artırır, nevroprotektiv effekt verir.

Balıq (xüsusilə somon, skumbriya) – Omega-3 ilə zəngindir və sinir hüceyrələrinin quruluşunda vacib rol oynayır.

Qoz və badam – E vitamini və yağ turşuları sayəsində yaddaşı gücləndirməyə kömək edir.

Qara şokolad (az şəkərli) – Kofein və flavonoidlər birləşərək fokus qabiliyyətini müvəqqəti artırır.

Yumurta – Xolin maddəsi sayəsində yaddaş formalaşmasında mühüm rol oynayır.

Kafedə yediyiniz tək sendviçlə də zehniniz tıxana bilər

Digər tərəfdən, trans yağlarla dolu, şəkərli və emal olunmuş məhsullar beynin əsas düşmənidir. Onlar qanda iltihab yaradır, beyindəki neyron əlaqələri zəiflədir, hətta uzunmüddətli istehlak Alzheimer kimi neyrodegenerativ xəstəliklərin riskini artırır.

“Smartfood” trendləri: Həqiqət, yoxsa həvəs?

Son dövrlərdə “superfood” – yəni “ağıllı qida” trendi sürətlə yayılsa da, elm bu məsələdə ayıq olmağa çağırır. Tək bir qidanın yaddaşı möcüzəvi şəkildə dəyişməsi mümkün deyil. Əsas məsələ davamlı balanslı qidalanma, kifayət qədər su, yuxu və fiziki aktivlikdir.

Amerikalı nevroloq Dr. Lisa Mosconinin sözlərinə görə, zehni qidalandırmaq üçün ilk addım – beyninizi bədəninizin bir hissəsi kimi deyil, bədəninizin ta özü kimi qəbul etməkdir.

Unudulmaz bir zehin üçün qidalanma sadəcə başlanğıcdır

Sonda bir şeyi də qeyd etmək vacibdir ki, qidalanma sadəcə bir parçadır. Yaddaşın güclənməsi üçün zehni məşqlər, sosial aktivlik, yeni şeylər öyrənmək və ən əsası stresi minimumda saxlamaq lazımdır. Beyin də bir əzələ kimidir, ona düzgün “yanacaq” və müntəzəm “idarə” lazımdır.

Bəli, bəzi qidalar yaddaşa və zehni funksiyalara müsbət şəkildə təsir edə bilər. Amma bu təsir möcüzəvi deyil, davamlı və balanslı həyat tərzi ilə birgə formalaşır.

Ləman Sərraf


Bənzər xəbərlər