media-inshot_20251222_193843608

Son günlər uşaqlar arasında virus infeksiyalarının artması valideynləri və səhiyyə mütəxəssislərini narahat edən əsas məsələlərdən birinə çevrilib. Xüsusilə mövsüm dəyişiklikləri dövründə məktəb və uşaq bağçalarında yoluxucu xəstəliklərin sürətlə yayılması müşahidə olunur. İmmunitet sistemi hələ tam formalaşmayan uşaqların bu cür infeksiyalara daha tez yoluxması vəziyyətin ciddiliyini artırır.

Bəs uşaqlar arasında virus infeksiyalarının artmasının əsas səbəbləri nələrdir və bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bu barədə pediatr dr. Aytən Ziyadova Patrul.az-a açıqlamasında bildirib ki, uşaqlar arasında İnfluenza A və RSV kimi virusların yayılması artaraq, xüsusilə kollektiv mühitlərdə ağır tənəffüs yolu infeksiyalarına və ciddi fəsadlara səbəb olur:

“Son dövrlərdə uşaqlar arasında viral infeksiyaların artdığını müşahidə edirik və bu vəziyyət, xüsusilə İnfluenza A virusu və Respirator Sinsitial Virus (RSV) ilə bağlı narahatlıq yaradır. Bu viruslar həm uşaqlarda, həm də böyüklərdə tənəffüs yollarına ciddi təsir göstərir və hər iki virusun yaratdığı infeksiyalar çox vaxt ağır xəstəliklərə yol açır. İnfluenza A virusu, mövsümi qrip epidemiyalarına səbəb olur və xüsusən qış aylarında yayılma riskini artırır. Bu virus uşaqlarda yüksək hərarət, baş ağrısı, bədən ağrıları, öksürək və boğaz ağrısı kimi simptomlarla özünü göstərir. Xüsusilə 5 yaşdan kiçik uşaqlarda daha ağır təsirə malik ola bilər. Ən çox İnfluenza A virusunun səbəb olduğu xəstəliklər arasında pnevmoniya, orta qulaq iltihabı və digər respirator problemlər var. Virus həmçinin kollektiv mühitlərdə, məktəblərdə və uşaq bağçalarında asanlıqla yayıla bilir. Bu səbəbdən, uşaqlarda qrip simptomları varsa, vaxtında həkimə müraciət etmək çox vacibdir”.

media-inshot_20251222_193932240

A.Ziyadova RSV virusunun xüsusən də kiçik yaşlı uşaqlar üçün təhlükəli olduğunu və əsas qorunma yolunun  həkimə vaxtında müraciət etmək olduğunu vurğulayıb:

“Digər tərəfdən, RSV (Respirator Sinsitial Virus), xüsusilə yenidoğulmuşlar və 2 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu virus bronxiolit və pnevmoniya kimi ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər. RSV, əsasən tənəffüs yollarını təsir edir və öksürək, nəfəs alma çətinliyi, yüksək hərarət kimi simptomlara yol açır. Bu virus, xüsusilə kiçik yaşda olan uşaqlarda ciddi problemlərə yol aça bilər, çünki onların immun sistemi hələ tam inkişaf etməyib və tənəffüs yolları daha dar və həssasdır.

Bu viruslardan qorunmağın ən yaxşı yolu, gigiyena qaydalarına əməl etməkdir. Əllərin tez-tez yuyulması, maska taxılması və çox sayda insanın olduğu mühitlərdən qaçınmaq vacibdir. Xəstə təmasından qaçınmaq İnfluenza A virusuna qarşı vaksinasiya mövsümi olaraq tövsiyə edilir və hər il müxtəlif yaş qruplarına vurulması təklif olunur. RSV üçün xüsusi bir vaksin yoxdur, amma təmizlik və qorunma tədbirlərinə diqqət yetirmək bu virusdan qorunmaq üçün əsas addımlardır.

Əgər uşağınızda bu virusların simptomları varsa, ən yaxşı müdaxilə həkim tərəfindən dərhal edilməlidir. İnfluenza A üçün antiviral dərmanlar istifadə oluna bilər, məsələn oseltamivir, və bunlar simptomların başlanğıcında daha təsirli olur. RSV üçün isə antiviral dərman mövcud deyil, amma simptomları yüngülləşdirmək üçün əsasən müalicə və müşahidə vacibdir. Ciddi hallarda isə uşaqların oksigen müalicəsi və xəstəxanada müşahidə edilməsi lazım ola bilər”.

Pediatrın sözlərinə görə, RSV virusu, xüsusilə yenidoğulmuşlar, erkən doğulmuş körpələr və zəif immunitetli uşaqlar üçün ciddi təhlükə yaradır:

“Bu viruslar həm uşaqlar, həm də böyüklər üçün ciddi fəsadlara yol aça bilər, amma düzgün müalicə və qorunma tədbirləri ilə bu infeksiyaların təsiri azaldıla bilər. Uşaqların sağlamlığına diqqət yetirmək və zamanında müalicə üçün həkimə müraciət etmək həyati əhəmiyyət kəsb edir. RSV riskli qrupları üçün xüsusi tədbirlər:

RSV daha çox yenidoğulmuşlar, erkən doğulmuş körpələr və immuniteti zəif olan uşaqlarda təhlükəlidir. Bu uşaqlar üçün əlavə tədbirlər, məsələn, yüksək riskli uşaqlar üçün müalicə məqsədilə Palivizumab adlı dərman verilə bilər. Həkim göstərişi ilə bu dərman, RSV-yə qarşı immunitet yaratmasa da, virusun təsirini azaltmağa kömək edir.

Hal-hazırda RSV üçün xüsusi bir vaksin olmamaqla yanaşı, virusun yayılmasının qarşısını almaq üçün digər qorunma tədbirləri tövsiyə edilir. Uşaqların sağlamlığına diqqət yetirmək və zamanında müalicə almaq çox vacibdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər