“Bütün bu xurafi ənənələrin səbəbkarı din xadimlərinin yanlış təbliğatıdır” - İLAHİYYATÇIDAN AÇIQLAMA
İnsan vəfat etdikdən sonra onun yaxınları tərəfindən müəyyən vəsiyyətlərin yerinə yetirilməsi bir çox cəmiyyətlərdə həm dini, həm də ənənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. İslamda da vəsiyyət anlayışı var və insanın sağlığında etdiyi vəsiyyətin icrası vacib sayılır. Lakin bəzən vəsiyyət adı ilə yas mərasimlərində və qəbiristanlıq ziyarətlərində müxtəlif davranış formaları müşahidə olunur ki, bunların bir qismi ictimai və dini baxımdan suallar doğurur. Bəzi hallarda yas mərasimlərində qeyri-ənənəvi davranışlara rast gəlinir. Qəbiristanlığa uyğun olmayan geyimdə getmək, yüksək səslə musiqi və ya müğənni gətirmək, avtomobil siqnallarından istifadə etmək, hətta heyvan aparmaq kimi hallar müzakirə mövzusuna çevrilir.
Vəfat edən şəxsin hər dəfn istəyi yerinə yetirilməlidir?
Mövzu ilə bağlı Patrul.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dininə görə hər bir şəxs şəriətə uyğun vəsiyyət edərsə həmin vəsiyyət yerinə yetirilməlidir:
“Lakin dinin və İslam hüququnun əksinə, qeyri – ənənəvi müəyyən vəsiyyət formalarını icra etmək günahdır. Ola bilsin bəzi şəxslər dinin hökmlərini bilmədən yaxud emosional şəraitdə müəyyən vəziyyətlər edirlər, lakin bu o demək deyil ki, mütləq icra olunmalıdır. Dəfn zamanı musiqi ifası, məzarlığa heyvan aparmaq, səs-küy salmaq, şüar səsləndirmək yaxud mahnı ifa etmək doğru deyil. Bəzən də məzarlığa uyğunsuz geyimlərdə gedirlər ki, bu da ictimai qınağa səbəb olur. Dinə yeni ənənə gətirmək, təhrif etmək şəriətdə bidət hesab olunur. Həzrət Muhəmməd Peyğəmbərin hədislərinə görə isə hər bidət insanı Cəhənnəmə aparır”.

Müsahibimiz qeyd edib ki, bu kimi yanlış ənənələrin formalaşması birbaşa din xadimlərinin düzgün maarifləndirmə işi aparmaması ilə bağlıdır:
“Əksər vaxtlarda məzarlıqda mərsiyyə, rövzə səsləndirir, şeir söyləyir, hətta bəzən şüarlar da səsləndirirlər. Dünyəvi şəxslər də bunu əsas tutub deyir ki, necə olur özünü dindar sayanlar anoloji mənzərə yarada bilirlər, lakin biz saz çala, musiqi ifa edə bilmərik? Əvvəlcə gərək din xadimləri, dindarlar özləri İslami qaydada dəfnin nümunəsini göstərsinlər ki, digərləri də bundan ibrət götürsün. İndiyəcən Qafqaz Müsəlmanları İdarəsinin İran yönümlü, yanlış, xurafi təbliğatının mənfi nəticələrindən biri də əhalinin dəfn adətlərini pozulmasıdır. Ölkədə kifayət qədər məscid fəaliyyət göstərir, din xadimlərinə külli miqdarda yardım verilir, özləri də digər yollarla əlavə də qazanırlar. Hər cümə günü və digər günlərdə xütbə söyləyirlər. Əsasən məzhəb təbliğatı, özlərinin din biznesinə əlverişli olan söhbətlər aparırlar. Bəs niyə bu kimi məsələləri normal şəkildə əhaliyə çatdırmırlar? Çox adam bilmir, ona izah etmək lazımdır. Məgər musiqi ilə yaxud məzarlığa heyvan aparılan dəfn mərasimində din xadimi iştirak etmir? Təbii ki, edir. Hətta bəzən bir neçəsi iştirak edir. Lakin etiraz etmir. İstəsə imtina edər, anladar, izah edər ki, bu şəkildə müsəlman dəfn olunmaz. Amma ölü sahibindən pul alacaq deyə razılığını ifadə edir”.
T.İrfan son olaraq vurğulayıb ki, bütün bu xurafi ənənələrin səbəbkarı din xadimlərinin yanlış təbliğatıdır:
“Nəticədə əhali onlara əhəmiyyət vermir, desələr də şübhə ilə yanaşır. Lakin sağlam din xadimləri də var ki, onların xitab etdiyi zümrə əsla belə təhriflərə yol verməz. Çünki əhali o din xadiminə etimad edir, milli düşüncədə, dövlətə, xalqa bağlı olduğunu bilir. Hər vəsiyyəti icra etmək olmaz. Vəsiyyət dinin, qanunun, milli ənənələrin əleyhinədirsə o vəsiyyət öz qüvvəsini itirmiş sayılır”.
Ləman Sərraf






