Tapılmış əşyanı qaytaran şəxs sahibindən bəxşiş tələb edə bilərmi? - Vəkil Açıqladı
Bəzən insanlar küçədə, ictimai nəqliyyatda və ya başqa yerlərdə tapdıqları əşyaları sahibinə qaytarırlar. Bu zaman bir çoxlarını maraqlandıran sual yaranır: tapılmış əşyanı geri verən şəxs bunun müqabilində mükafat və ya bəxşiş tələb edə bilərmi?
Tapılmış əşyanı sahibinə qaytaran şəxs qanunvericiliyə əsasən mükafat və ya bəxşiş tələb edə bilərmi?
Bu barədə vəkil, Azərbaycan İstehlakçılar şurasının sədri Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, qanun tapılmış əşyanın sahibinə qaytarılmasını təşviq etmək üçün tapan şəxsə müəyyən hallarda bəxşiş tələb etmək hüququ verir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 186-cı maddəsinin məzmununa əsasən, tapılmış əşyanı sahibinə və ya digər səlahiyyətli şəxsə qaytaran şəxsin müəyyən hallarda bəxşiş, habelə əşyanın saxlanması ilə bağlı çəkdiyi zəruri xərclərin əvəzini tələb etmək hüququ vardır. Bu hüquq Mülki Məcəllənin 186.3-cü maddəsində birbaşa ifadə edilmişdir. Həmin normaya görə, səlahiyyətli şəxs tapılmış əşyanı qəbul etdikdə, əşyanı tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Deməli, qanunvericilik tapıntını qaytaran şəxsin mükafatlandırılmasını yalnız mənəvi təşəkkür və ya könüllü münasibət kimi deyil, müəyyən şərtlər daxilində hüquqi tələb predmeti kimi tanıyır. Burada “bəxşiş” anlayışı adi gündəlik mənada könüllü hədiyyə kimi deyil, mülki-hüquqi xarakterli tələb hüququ kimi başa düşülməlidir. Yəni əşyanı qəbul edən səlahiyyətli şəxs qanunda göstərilən əsaslar mövcud olduqda tapan şəxsin bu tələbini nəzərə almalıdır.
Tapıntıda əsas məqsəd itirilmiş əşyanın mülkiyyətçisinə və ya digər hüquq sahibinə qaytarılmasını təmin etməkdir. Mülki Məcəllənin 186.1-ci maddəsi əşyanı tapan şəxsin üzərinə dərhal xəbər vermək və əşyanı təhvil vermək vəzifəsi qoyur. Bu vəzifə tapıntının mənimsənilməsinin qarşısını almağa, mülkiyyət hüququnun qorunmasına və mülki dövriyyədə vicdanlı davranış prinsipinin təmin edilməsinə xidmət edir. Bu baxımdan 186.3-cü maddədə nəzərdə tutulan bəxşiş hüququ tapan şəxsin qanuna uyğun davranışını stimullaşdıran kompensasiya-mükafat mexanizmi kimi çıxış edir. Başqa sözlə, qanun bir tərəfdən tapan şəxsdən vicdanlı və aktiv davranış tələb edir, digər tərəfdən isə həmin davranışın nəticəsində ona müəyyən əmlak xarakterli hüquq verir”.

R. Qaraşov qeyd edir ki, qanuna görə, tapılmış əşyanı qaytaran şəxs onun dəyərinin 5 faizinə qədər bəxşiş tələb edə bilər, lakin ödəniləcək məbləğ hər halda bu maksimum həddə bərabər olmaya bilər:
“Bununla belə, tapıntını qaytaran şəxsin bəxşiş tələb etmək hüququ mütləq və şərtsiz hüquq deyildir. Mülki Məcəllənin 186.3-cü maddəsində bu hüququn yaranması üçün bir neçə mühüm şərt nəzərdə tutulur. Birincisi, tapılmış əşya səlahiyyətli şəxs tərəfindən qəbul edilməlidir. Səlahiyyətli şəxs dedikdə, əşyanın mülkiyyətçisi, onu itirmiş şəxs, əşyaya hüququ olan digər şəxs və ya qanunla müəyyən edilmiş qaydada həmin əşyanı qəbul etməyə səlahiyyəti olan orqan başa düşülə bilər. İkincisi, tapan şəxs tapıntı barədə qanunda nəzərdə tutulan qaydada məlumat verməlidir. Üçüncüsü, tapan şəxsin davranışı vicdanlı olmalı, o, tapıntını gizlətməyə və ya mənimsəməyə cəhd göstərməməlidir. Maddənin sonunda açıq şəkildə göstərilir ki, əmlakı tapan şəxs tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, onun bəxşiş almaq hüququ əmələ gəlmir. Bu müddəa onu göstərir ki, bəxşiş hüququ tapan şəxsin yalnız qanuna uyğun və vicdanlı davranışı nəticəsində yarana bilər.
Maddədə işlədilən “beş faizinədək” ifadəsi də xüsusi hüquqi əhəmiyyət daşıyır. Bu ifadə o deməkdir ki, tapan şəxs tapılmış əşyanın dəyərinin dəqiq olaraq beş faizini deyil, beş faiz həddini aşmayan məbləği tələb edə bilər. Beləliklə, qanun bəxşişin maksimum həddini müəyyən edir. Bu hədd tapılmış əşyanın bazar və ya real dəyəri əsasında hesablanmalıdır. Məsələn, tapılmış əşyanın dəyəri 10 000 manatdırsa, qanuna əsasən tələb edilə biləcək bəxşişin yuxarı həddi 500 manat ola bilər. Lakin bu, hər bir halda avtomatik olaraq məhz 500 manatın ödənilməli olması anlamına gəlmir; konkret məbləğ işin hallarından, əşyanın dəyərindən, tapan şəxsin davranışından və tərəflər arasında yaranmış münasibətdən asılı olaraq müəyyən edilə bilər. Əsas hüquqi nəticə ondan ibarətdir ki, tapan şəxs qanunda göstərilən maksimum hədd daxilində bəxşiş tələb etmək hüququna malikdir”.
Vəkilin sözlərinə görə, tapılmış əşyanın sahibi tapılmadıqda, tapan şəxs bir ildən sonra ona sahib ola bilər
“Bəxşişdən fərqli olaraq, əşyanın saxlanması ilə bağlı xərclərin ödənilməsi kompensasiya xarakteri daşıyır. Mülki Məcəllənin 186.3-cü maddəsi tapan şəxsə yalnız bəxşiş deyil, həm də tapılmış əşyanın saxlanması xərclərinin əvəzini tələb etmək hüququ verir. Bu xərclərə əşyanın qorunması, təhlükəsiz yerdə saxlanılması, zədələnməsinin qarşısının alınması, daşınması və digər zəruri saxlanma tədbirləri ilə bağlı ağlabatan xərclər daxil ola bilər. Burada məqsəd tapan şəxsin tapıntı ilə əlaqədar öz hesabına çəkdiyi zəruri və faydalı xərclərin əvəzsiz qalmasının qarşısını almaqdır. Lakin tələb edilən xərclər real, zəruri və sübut edilə bilən olmalıdır. Tapan şəxs əsassız, həddindən artıq və ya tapıntının saxlanılması ilə bilavasitə əlaqəsi olmayan xərclərin ödənilməsini tələb edə bilməz.
Mülki Məcəllənin 186-cı maddəsinin digər bəndləri də tapan şəxsin hüquqi vəziyyətini tamamlayır. 186.2-ci maddəyə görə, mülkiyyətçinin məlum olmadığı və ya onun əşyaya hüququnun polisə bildirilmədiyi hallarda, tapan şəxs tapıntı barədə xəbər verdiyi vaxtdan bir il keçdikdən sonra həmin əşyaya mülkiyyət hüququ əldə edə bilər. Bu müddəa tapıntı institutunun yalnız bəxşiş hüququ ilə məhdudlaşmadığını, müəyyən hallarda tapan şəxsin əşyanın mülkiyyətçisinə çevrilə biləcəyini göstərir. Lakin mülkiyyətçi və ya səlahiyyətli şəxs tapıldıqda və əşyanı qəbul etdikdə, tapan şəxsin əsas hüququ artıq əşyanı özündə saxlamaq və ya mülkiyyətə keçirmək deyil, qanunda nəzərdə tutulmuş bəxşiş və saxlanma xərclərini tələb etməkdən ibarət olur”.
Cəmilə Cəfərzadə






